Paşinyan Moskvanı "qorxudur" - Ermənistanın ölümcül oyunu

22 May 2023 18:34

9 aydan sonra, Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel formatında görüşdən yayına bilməyəcəyini anladı. Liderlərin yenidən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə bir araya gəlməsi İrəvanın yox, məhz Bakının maraqlarına uyğun idi. Çünki Azərbaycan üçün dünya ictimaiyyətinə Ermənistanla sülh üçün istənilən danışıqlar prosesini davam etdirmək, nəticə əldə etməkdə maraqlı olduğunu göstərmək olduqca vacib məsələdir. Və əminlikdə deyə bilərik ki, rəsmi Bakı artıq bu məsələdə bütün moderatorları səmimiyyətinə inandırıb.

Mayın 14-də Prezident İlham Əliyevlə Paşinyanın Qərbin siyasi mərkəzi olan Brüsseldə danışıqlara qatılması bir neçə aspektdən Azərbaycanın əlini gücləndirməyə imkan yaratdı. Görüşdən öncəki hadisələrə fikir versək görərik ki, Ermənistan Azərbaycanla sərhəddə təxribata əl ataraq hərbi mövqe qazanmaq istəsə də bu planları Ordumuz tərəfindən deşifrə edildi və İrəvan bütün ümidini bağladığı eskalasiya riskindən də məhrum edildi.

Azərbaycan Ordusunun gördüyü adekvat tədbirlər nəticəsində Ermənistanın hərbi eskalasiya yaradıb regionu döyüş meydanına çevirmək, bununla da beynəlxalq missiyaların rəsmi Bakıya qarşı münasibətini körükləmək planı tamamilə iflasa uğrayınca Nikol Paşinyana başqa seçim buraxılmadı.

Əslində proseslərin müsbət məcrada getdiyi abu-havası hökm sürsə də hələ sülhdən danışmaq tezdir, Brüssel görüşü, eləcə də mayın 25-də Moskvada dövlət başçılarının planlaşdırılan növbəti təması sadəcə mütləq sülhə aparan yolda bir addım kimi xarakterizə edilə bilər.

Sülhün davamlılığını təmin etmək üçün Azərbaycan Ermənistanı hərbisizləşdirən bəndləri razılaşmaların mətninə daxil etdirməsi hazırda Moskva görüşü üçün prioritet məsələyə çevrilə bilər. Baxmayaraq ki, bu proses 10 noyabr üçtərəfli bəyanatından elə dərhal sonra - Rusiya sülhməramlı kontiongenti müvəqqəti nəzarət zonasına daxil olduğu saatdan etibarən baş vermli idi.

Ermənistan hakimiyyəti Bakının növbəti addımlarından artıq duyuq düşüb kimi görünür. Elə bu səbəbdən də artıq Brüssel görüşünün ardından Xankəndidə qondarma xunta rejiminin "hakimiyyət", "taxt-tac" uğrunda savaş görüntüsü Paşinyanın üzərindən məsuliyyəti atmaq üçün növbəti qurmasıdır.

Azərbaycan Ermənistanın sülhlə bağlı addımlarındakı real və manipulyasiyaedici mövqeləri fərqləndirməyi artıq daha yaxşı bacarır. Ehtimallar ondan ibarətdir ki, Ermənistan baş naziri bu dəfə özünü istər Azərbaycanı, istərsə də sülh danışıqlarına vasitəçilik edən Brüssel və Vaşinqtonu inandırmağa çalışır ki, mən Qarabağdan əlimi tamamilə çəkdim. Məhz Brüssel görüşündə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını növbəti dəfə deməsi, onun ardınca Reykyavikdə mayın 17-də eyni tezisi təkrarlaması və bu gün bir daha İrəvanda keçirdiyi mətbuat konfransında "Ermənistan Qarabağı da Azərbaycan ərazisi kimi tanıyır" ifadəsi ilə Paşinyan özünə "sülh göyərçini" obrazı yaratmağa çalışır.

Qarabağda hələ də ilişib qalan qondarma rejim qalıqları arasında "taxt savaşı"nın Brüssel görüşündən cəmi bir sonra start götürməsi bu iddiaları gücləndirir. Separatçı rejimin keçmiş katibi Samvel Babayanın mayın 15-də təşkil etdiyi mitinqdən sonra onun separatçı rejimin "dövlət naziri" olacağı yönündə fikirlər daha da geniş tirajlanmağa başlayıb. Bu isə saxta vətənpərvərlik iddiasında olan Ruben Vardanyanın boğazından keçəcək kimi görünmür. Əslində isə bunlar Ermənistan və hamilərinin planlaşdırdığı növbəti oyunun ssenarisidir.

Nəzərə alsaq ki, yayılan informasiyalar arasında Samvel Babayanı Ermənistanın baş naziri Nikol Paşinyanın dəstəklədiyi yer alıb, o zaman bu hadisələrin sadəcə bir oyun olduğunu anlamaq üçün, bu, yetərlidir. Sözügedən ssenari isə Ermənistanın hazırki hakimiyyəti ilə Qarabağdakı qondarma rejimin müxalif qrupu arasında gərginliyi daha da artıracağı mənzərəsini ortaya qoymaq üçün qurulmuş bir plandır.

Samvel Babayanın danışıqların bu mərhələsində Xankəndinə gəlməsinin Ermənistan-Azərbaycan sülh danışıqlarının gedişatına ziddir və iki ölkə arasında sülh danışıqlarını gərginləşdirməyə hesablanmış addımdır. Göründüyü kimi, Nikol Paşinyan bir yandan özünü bütün dünya ictimaiyyətinə "sülhpərvər" göstərib, dvident qazanmaq, danışıqların növbəti mərhələlərinə daha rahat şəkildə qazanmaq barədə düşünsə də, digər tərəfdən fərqli məkirli planlarla diqqət mərkəzinə düşür.

Xunta rejimi arasında "taxt savaşı" kimi bu cür xəbərlərin tirajlanmasında, görüntüsünün yaradılmasında məqsəd beynəlxalq aləmə Qarabağ erməniləri arasında ciddi siyasi mübarizənin və çoxsaylı "siyasi fiqurların" mövcud olduğunu aşılamaqdır. Yəni belə təsəvvür yaratmaq istəyirlər ki, Qarabağda "özünüidarə uğrunda mübarizə gedir" və bu səbəbdən onlar Azərbaycan qanunlarına tabe ola bilməzlər.

Paşinyanın bugünkü açıqlamaları diqqətləri Qarabağdakı proseslərə yönəltmək üçün növbəti addımdır: "Ermənistan Qarabağdakı erməni əhalinin güvənliyinin təmin edilməsi şərti ilə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazırdır". Paşinyan əlavə edib ki, 86 600 kv. km Azərbaycanın Ermənistan tərəfindən tanınan ərazisinə Qarabağ ərazisi daxildir.

Bu gün bu etirafı edən şəxs düz 3 il əvvəl "Qarabağ Ermənistandır və nöqtə" deyən həmin Nikol Paşinyandır. Tovuz hadisələri, ardınca düşmən hücumu nəticəsində başlayan 44 günlük müharibənin yaratdığı yeni geosiyasi reallıqlar bu gün Ermənistan siyasi rəhbərliyini məcbur qoyur ki, Azərbaycanın diqtə etdiyi şəkildə davranmağa başlasın. Doğrudur, artıq vəziyyət 3 il əvvəlki ilə eyni deyil, regionun geosiyasi düzəni tamamilə dəyişib. Amma Ermənistan baş nazirinin bu səmimiyyətinə inanmaq üçün Bakının əlində kifayət qədər əsas yoxdur.

Nəzərə alsaq ki, Nikol Paşinyan rəsmi sənədlərlə təsdiqlədiyi 10 noyabr üçərəfli bəyanatı ilə üzərinə götürdüyü öhdəlikləri belə 3 il gedirə qalmasına baxmayaraq, hələ də icra etmir və məsuliyyətdən yayınmaq üçün hər cür manipulyasiyaya hazır olduğunu dəfələrlə təsdiq edib, o zaman erməni baş nazirin şifahi söz toplusundan ibarət bu cür açıqlamalarına inanmaq sadəcə özünü aldatmaqdan başqa bir şey olmaz.

Moskva görüşü öncəsi bu mətbuat konfransı zamanı Nikol Paşinyanın Ermənistanın KTMT-dən çıxmaq barədə qərar verə biləcəyini istisna etməməsi, KTMT-dən çıxmaq məsələsinin Ermənistanın gündəmindən çıxmadığını bəyan etməsi də bilavasitə elə mayın 25-dəki görüşlərə hesablanıb.

Bununla da Ermənistan baş naziri bu vacib görüş öncəsi Rusiyaya qarşı KTMT mövzusundan təzyiq vasitəsi kimi istəfadə edərək sərfəli nəticə ilə dönmək üçün indidən zəmin hazırlamaq barədə düşünür. Nikol Paşinyan bu bəyanatla Rusiyaya mesaj verir ki, Moskva görüşündə Ermənistanın maraqlarını nəzərə almasanız bizi Qərbə üz tutmaqdan çəkindirə bilməyəcəksiniz. Bu, Ermənistan siyasi rəhbərliyinin əsl simasıdır.

Sülhməramlıların müvəqqəti nəzarət zonasındakı mövcud vəziyyət onu deməyə əsas verir ki, Qarabağın dağlıq hissəsindəki ermənilərlə Azərbaycan hökumətinin dialoquna mane olmağı bacardılar və bir müddət sağlam fikir mübadiləsi mümkün olmayacaq. Lakin Bakının cavabının Ermənistan üçün daha ağrılı olacağı da istisna da edilmir. Yaxın 6-7 ərzində erməni hərbi birləşmələri buraxılmalıdır. Əks təqdirdə Azərbaycan özü Qarabağda separatçıların nəfəsinin kəsilməsi istiqamətində lazımı tədbirlər görəcək.

Təhməz Əsədov
Trend