Ermənistan üçün son 24 saat - Brüsseldən nəyin ANONSU VERİLƏCƏK? Sülh, yoxsa savaş...

13 May 2023 23:08

Azərbaycan-Ermənistan şərti sərhədində baş verən hərbi təxribat sıradan bir təxribat deyil. Bu təxribatların arxasında daha çox siyasi məqamlar gizlənir. Və belə bir təxribat sülh danışıqları üçün elan edilən Brüssel görüşləri öncəsi baş verirsə, deməli, bu görüşlərin nəticə verməməsində, sülh prosesinin dalana dirənməsində maraqlı qüvvələr var.

İstər Brüssel, yaxud Moskva görüşündən, istərsə də iyunun 1-də nəzərdə tutulan Kişinyov görüşü öncəsi Ermənistanın ard-arda təxribatlar törətməsi İrəvanın destruktivlikdən əl çəkməyəcəyinə növbəti işarədir. Mayın 14-ü Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçiriləcək Brüssel görüşünə saatlar qalmış İrəvanın Bakını oyuna gətirmək cəhdlərinin arxasında daha böyük güclərin dayandığını deməyə əsas verir. Çünki Ermənistan üçün danışıqların pozulması, vaxt qazanılması daha cəlbedici görünür. Xüsusilə də Fransa və İranın Ermənistanı silahlandırmaq üçün yeni addımlar atması İrəvanı yenidən bölgəni poliqona çevirməyə, revanş istəyinə həvəsləndirir.

Müstəqil siyasəti olmayan, Azərbaycanla sülh danışıqları da daxil olmaqla bütün proseslərə havadarlarının tapşırıqları əsasında reaksiya verən Nikol Paşinyan hakimiyyəti bu gün öz xalqını növbəti ağır zərbə ilə üz-üzə qoymaqdadır. Ermənistan dövlətinin və xalqının taleyi üzərindən Cənubi Qafqazdakı maraqlarını təmin etməyə çalışan havadarlarını onun taleyi maraqlandırmır. Ən maraqlısı isə orasındadır ki, bu vəziyyətdən duyuq düşdüyü istisna edilməyən Nikol Paşinyan, bilərəkdən xalqını məhvə məhkum edir.

Qarabağdakı separatçıların da təxribatlara başlaması (Tərtər, Xocalı, Şuşa və Laçın rayonları istiqamətlərində ordumuza qarşı 9 dəfə atəş açıblar) eyni hədəfə hesablanıb. Ermənistan bütün imkanlarını işə salaraq danışıqlar masasındakı gündəliyi dəyişməyə çalışır. Lakin qarşı tərəf onu da anlamalıdır ki, bu təxribatlar separatçıların ordumuza qarşı atəş açdığı mövqelərinin legitim hədəf olaraq məhv edilməsini qaçılmaz edir.

Nikol Paşinyan artıq Brüsseldədir. Görüşdən bir gün öncə onun belə tezliklə Belçikanın paytaxtına səfər etməsi heç də sülhdən yana ürəyi getdiyi mənzərəsi ilə üst-üstə düşmür. Sözdə ayrı-əməldə ayrı olduğunu artıq 3 ilə yaxındır ki, dəfələrlə isbatlayan Ermənistanın baş naziri təxribatlardan Azərbaycana qarşı təzyiq vasitəsi kii istifadə etmək, Bakını sülh paketindəki şərtləri "yumşaltmaq" niyyəti də güdə bilər. Lakin Azərbaycan heç kimə güzəştə getmək fikrində deyil, xüsusilə də söhbət mövzusu torpaq, ərazi bütövlüyü, milli təhlükəsizlik məsələsidirsə...

İrəvan açıq-aydın sülh istəmir, 30 illik uzatma taktikasından yenə istifadə edir, prosesin xeyirlərinə dəyişə biləcəyini düşünürlər. Məhz bu ümidlərlə Ermənistan İranın ona bağışladığı zərbə dronları vasitəsi ilə mövqelərimizi hədəf almaq sevdasından əl çəkə bilmir. Proseslər aydın göstərir ki, Ermənistanı hərbi zərbələrlə tərbiyə etməkdən başqa yol qalmır. Çünki ipə-sapa yatmayan İrəvanın bütün bəhanələrini əlindən almağın yeganə yolu məhz təxribatlarına adekvat, sərt cavab verməkdir.

Sabah Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçiriləcək görüşdən 17 gün sonra (iyunun 1-də) Moldova paytaxtı Kişinyovda Avropa Siyasi Birliyinin növbəti toplantısı çərçivəsində müzakirələrin davam etdiriləcəyi ehtimalları gözlənilsə də, Azərbaycanın hələ bu təmaslara razılığını bildirməməsi də ona işarədir ki, rəsmi Bakı sabahkı görüşün hansı nəticələrlə yekunlaşacağını gözləyir. Danışıqlar üçün ümid yeri görünəcəyi təqdirdə böyük ehtimalla Azərbaycan Ermənistanla Kişinyovda sülh danışıqlarının həll edilməyən məsələləri barədə müzakirə aparmağa razılıq verə bilər. Yəni, Brüssel danışıqların davam edib etməyəcəyi ilə bağlı bir çox suallara aydınlıq gətirəcək.

Cənubi Qafqazda möhkəmlənməyə çalışan, Ermənistanı Rusiyanın orbitindən çıxartmaq istəyən Qərb və ABŞ üçün bu gedisat ən optimal variantdır. Vaşinqton və Brüsselin vasitəçiliyi Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması prosesi sürətlənməyəcəyi təqdirdə Azərbaycan 30 illik işğal dövründəki ssenarinin təkrarlanmasını izləməyəcək. Çünki bu gün baş verəcək istənilən geosiyasi hadisələr Cənubi Qafqazın gələcəkdə necə şəkillənəcəyini öncədən müəyyənləşdirmək sarıdan Bakıya imkan verir ki, yaratdığı yeni reallığı kiminsə dəyişməsinə fürsət yaratmasın.

Cənubi Qafqaz nə Qərbin, nə ABŞ-ın, nə də Ruisya və İranın arxa baxçası olmamalıdır. Hazırda rəsmi Bakı siyasi səbr və strateji təmkin nümayiş etdirir. Ancaq Ermənistan və havadarları bir şeyi dəqiq bilməlidirlər ki, zərbə PUA-ları ilə bu və ya digər şəkildə Azərbaycana hücumlar davam etsə, hərbi parametlərə görə Ermənistanın PUA buraxdığı yer Azərbaycan üçün legitim hədəfdir. Ermənistanın son təxribatlarına Ordumuzun cavab tədbirləri nəticəsində düşmənin hərbi obyektlərinin zərgər dəqiqliyi ilə məhv edildiyini əks etdirən kadrlardan da görünür ki, Azərbaycanın kifayət qədər dəqiq silahları var və dövlət başçısı İlham Əliyevin də qeyd etdiyi kimi, hazırki Azərbaycan ordusu 44 günlük müharibədəki Azərbaycan ordusundan daha güclüdür. Bunu Ermənistan tərəfi mütləq nəzərə almalıdır.

Paşinyandan fərqli olaraq Ermənistanda bunu nəzər alanlara da az da olsa rast gəlinir. Keçmiş diplomat, siyasi analitik Jirayr Libardyan erməni xalqına müraciət edərək, daşı ətəklərindən töküb, Azərbaycanla təcili sülh imzalamağa çağırıb. O, əks halda Ermənistanın daha ağır vəziyyətə düşəcəyini bildirib.

Ermənistanda da anlayanlar var ki, Bakının səbr və təmkini yenə bir yerə qədərdir. Böyük ehtimalla 14 maydan sonra baş verə biləcək növbəti təxribata Azərbaycan daha sərt cavab verəcək. Baş verəcək ən xırda silahlı insidentə görə isə məsuliyyəti Ermənistan hərbi-siyasi rəhbərliyi daşıyır. Paşinyan sabah ya Prezident İlham Əliyevi inandırmalıdır ki, sülhün imzalanması görüntüsü bir oyun deyil, səmimidir, yaxud da taleyi ilə bağlı qərarı Azərbaycanın ixtiyarına buraxmalıdır.

Təhməz Əsədov

TREND