Göyçayda "Priora" ilə avtoxuliqanlıq edən sürücü həbs edildi - FOTO

12 May 2023 17:48

Göyçayda avtoxuliqanlıq edən sürücü inzibati həbs olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıblar.

Rayon sakini Emil Məlikov idarə etdiyi "VAZ-2170" ( Priora) markalı avtomobil ilə yol hərəkəti qaydalarını kobud və davamlı şəkildə pozaraq avtoxuliqanlıq edib, digər hərəkət iştirakçıları üçün də təhlükə yaradıb.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən tərtib olunmuş protokol baxılması üçün aidiyyatı üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə Emil Məlikovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla o, 20 sutka inzibati həbs olunub.

Milli.Az