Məşuqəsi ilə təyyarəyə minən iş adamı arvadını pilotla tutdu - Təbliğat yoxsa siyasi mesaj?... - FOTO

26 Aprel 2023 19:50

Milli.Az jurnalist Bəxtiyar Umarlının müəllif layihəsi olan "Filmreview"nu (13-cü say) təqdim edir:

Türkiyədə keçiriləcək seçkilərlə əlaqədar olaraq çəkilən "Hava Muhalefeti" filminin təqdimatı baş tutub. Filmin adındakı "müxalifət" sözündən də aydın olur ki, ekran işində siyasi məsələlərə toxunulub. Siyasi mesajların həddən artıq çox olduğu bu film komediya janrına aid edilsə də, gülüş doğuran səhnələrlə yanaşı düşündürücü məqamlar da az deyil.

"Güldür güldür show"un komandasının ərsəyə gətirdiyi filmin baş roluna Kemal Sunalın ( Şaban) oğlu Ali Sunal çəkilib. O, ekran işində deputatlığa namizəd olan şəxsi canlandırır. Film bu şəxsin həbsxanada başına gələnləri danışması ilə başlayır.

Kino deputatlığa namizəd olan iş adamının yalan vədlərlə seçicilərini aldadaraq nüfuz qazanmaq məqsədi güdərkən şəxsi həyatının ifşa olmasından bəhs edir. Məşuqəsi ilə istirahətə yollanan iş adamı təsadüfən arvadının xəyanətini öyrənir. Məlum olur ki, onun məşuqəsi ilə birlikdə mindiyi təyyarəni sürən pilot arvadının sevgilisidir.

Söyüşlərin çox yer aldığı ekran işinin yaş limiti 18+ dur. Lakin, bu, söyüşlərdən daha çox mövzu ilə əlaqəlidir. Belə ki, ekran işində çatdırılması olan mesaj çox gözəldir, lakin uğurlu alınmayıb. Çünki, filmdə seks oyuncaqlarının istifadəsi, bunlardan istifadənin təbliği, xəyanətin adiləşdirilməsi, ailə dəyərlərinin heçə alınması kinoda çatdırılması nəzərdə tutulan mesajı kölgədə qoyub.

Ümumiyyətlə, əvvəllər film və seriallarda kişilər xəyanət edən, qadınlar isə bunu normal qarşılayan tərəf kimi təqdim olunsa da, bu, son zamanlar çəkilən kinolara aid deyil. Artıq ekran işlərində qadınların da xəyanəti qabardılır, adiləşdirilir, kişilər isə bunu rahatlıqla qəbul edən tərəf kimi göstərilir. Bu film də yuxarıda qeyd etdiyim məsələnin qabardıldığı kinolardan biridir.

Filmin çəkilişində, effektlərdə, keçidlərdə hər hansı nəzərə çarpacaq qüsur yoxdur. Ekran işinin çəkilişinin professionallara tapşırıldığı aşkar görünür. Kinonun büdcəsi ilə bağlı məlumat tapa bilməsəm də keyfiyyətindən kifayət qədər maliyyənin ayrıldığını hiss etməmək mümkün deyil.

Rejissor kifayət qədər izləyici kütləsi olan "Güldür güldür show"un komandası vasitəsi ilə filmə diqqət çəkməyə çalışıb. Gülüş doğuran səhnələrin çoxluğu filmə axıra qədər baxmağa təşviq edir. Kimsənin filmi yarımçıq qoyaraq zalı tərk etməməsi də bunu deməyə əsas verir.

Milli.Az