Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin kosmosun tədqiqi ilə bağlı müxtəlif bilik və təcrübələrini birləşdirməsi vacibdir.
TurkicWorld xəbər verir ki, bu sözləri TDT baş katibi səfir Kubanicbek Omuraliyev Türk Dövlətləri Təşkilatı Kosmik Agentliklərinin Özbəkistanın paytaxtı Daşkənddə keçirilən II görüşü zamanı bildirib.
Məlumata əsasən, Özbəkistan Kosmos Agentliyinin (Özbəkistan Kosmos) baş direktoru Şuhrat Kadırovun ev sahibliyi etdiyi tədbirə TDT baş katibi səfir Kubanıçbek Omuraliyev, Türkiyə Kosmik Agentliyinin prezidenti Serdar Hüseyn Yıldırım, Azərbaycan Kosmos Agentliyinin (Azərkosmos) sədri Saməddin Əsədov, Qazaxıstan Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aviasiya Sənayesi nazirinin müavini Malik Olcabekov, Qırğızıstan Dövlət Rabitə Agentliyinin rəis müavini Timur Tokoldoşov və müşahidəçi ölkələrin Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının (ŞKTC) müvafiq qurumlarının yüksək səviyyəli rəhbərləri qatılıb.
TDT baş katibi Türkiyəni yerli müşahidə peykinin kosmosa göndərilməsi münasibəti ilə təbrik edib.
Qeyd edək ki, TDT Kosmik Agentliklərinin ilk görüşü 20 dekabr 2021-ci ildə Azərbaycanda keçirilib.
Milli.Az