Tokayevin Bakıya göndərdiyi səfir kimdir?

18 Aprel 2023 22:53

Xəbər verdiyimiz kimi, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Alim Bayeli Azərbaycana yeni səfir təyin edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, Alim Bayel 1984-cü ildə Jambıl vilayətinin Taraz şəhərində doğulub, Türkiyədə Orta Doğu Texniki Universitetini biznesin idarə edilməsi ixtisası üzrə bitirib, dövlət idarəçiliyi üzrə magistr dərəcəsini ABŞ-dakı Corc Vaşinqton Universitetində tamamlayıb.

Alim Bayel 2008-2012-ci illərdə özəl sektorda çalışıb. 2012-2014-ci illər ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının eksperti, həm də 2014-2015-ci illərdə Türk Akademiyasının Beynəlxalq Əlaqələr Mərkəzinin direktoru olub. Alim Bayel ölkəsində müxtəlif dövlət vəzifələrində çalışıdıqdan sonra 2018-2020-ci illərdə Qazaxıstanın Türkiyədəki səfirliyinin siyasi məsələlər üzrə birinci katibi olub.

Azərbaycanda fövqəladə və səlahiyyətli səfir postuna təyin olunmazdan öncə Alim Bayel Qazaxıstanın İstanbuldakı Baş konsulu vəzifəsində çalışıb.

"Atlas" Araşdırmalar Mərkəzi qeyd edib ki, türk dünyasını yaxından tanıyan və Türkiyədə çalışan diplomatın Azərbaycana səfir təyin olunması Astananın Bakı ilə strateji müttəfiqliyi gücləndirməsindən xəbər verir. Türkiyədə təhsil alan və Türkiyədə diplomatik fəaliyyət göstərən diplomatın Anadolu türkcəsində sərbəst danışması onun Azərbaycandakı işini də rahatladacaq, çalışdığı ölkənin rəsmiləri, diplomatları və vətəndaşlarıyla birbaşa ünsiyyət saxlamasına şərait yaradacaq. Digər tərəfdən yeni səfir Türkiyə-Azərbaycan-Qazaxıstan üçbucağının formalaşmasında çalışmalı, 3 ölkə arasında enerji və nəqliyyat əməkdaşlığının genişlənməsində xüsusi rol oynamalıdır.

Milli.Az