Rəşad Dağlıya qarşı DAHA BİR İTTİHAM - Yeni maddə ƏLAVƏ EDİLDİ

17 Aprel 2023 11:37

Meyxanaçı Rəşad Dağlının bu gün keçirilən məhkəmə iclasında daha bir ittiham irəli sürülüb.

Milli.Az "qafqazinfo"ya istinadən yazır ki, hazırlıq iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilib.

Məlum olub ki, məhkəmə müddətində dövlət ittihamının müdafiəsini tanınmış prokuror Orxan Səmədov həyata keçirəcək.

Bundan başqa o da məlum olub ki, Rəşad Dağlıya qəsdən adam öldürmə ittihamından əlavə olaraq Cinayət Məcəlləsinin 228.4-cü maddəsi (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) ilə də ittiham verilib.

Daha sonra Rəşad Dağlının vəkili Elvin Əliyev proseslərin qapalı keçirilməsinə dair vəsatət verib. O bildirib ki, məhkəmədə Rəşad Dağlının şəxsi və ailə sirləri elan oluna bilər. Məhkəmə prosesin açıq keçirilməsinə dair qərar qəbul edib.

Məhkəmənin baxış iclası mayın 1-nə təyin edilib.

Milli.Az