20 min dollar rüşvət alan keçmiş müstəntiq və polis zabiti azadlığa buraxıldı

7 Aprel 2023 17:02

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən, Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqi Samir Kərimov və ehtiyatda olan polis zabiti Ramin Talıbovun işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslrə hökm oxunub.

Məhkəmənin hökmü ilə S. Kərimov 7 il azadlıqdan məhrum edilib. Məhkəmənin qərarı ilə ona 62-ci maddə tətbiq edilərək 1 il sınaq müddəti olmaqla cəzası şərti hesab edilərək məhkəmə zalından azadlığa buraxılıb. Hökmə əsasən, digr təqsirləndirilən R. Talıbova isə bəraət verilib.

İttihama görə, 2001-ci ildə Bakı Şəhər Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi işləyən Samir Kərimov Yasamal Rayon Polis İdarəsinin 27-ci Bölməsinin əməkdaşı, polis zabiti Ramin Talıbov və digər polis əməkdaşlarının müşayiəti ilə Hindistan vətəndaşlarının işlədiyi yuyucu toz satışı ilə məşğul olan şirkətə gedib. Sabiq müstəntiq şirkətə baxış keçirib, hindistanlıları yararsız yuyucu tozlar satmaqda ittiham edib.

Bundan sonra müstəntiq məsələnin bağlaması üçün Hindistan vətəndaşlarından 20 min dollar rüşvət alıb. Təqsirləndirilən Ramin Talıbov isə həmin vaxt sahə inspektoru kimi fəaliyyət göstərib, müstəntiqin tələbi ilə onunla birgə gedib.

Bir müddət sonra müstəntiqin əməlinin üstü açılıb, o, prokurorluq orqanlarından xaric olunub. Həmin vaxtdan isə Samir Kərimov ölkəni tərk edib. Faktla bağlı Samir Kərimov və Ramin Talıbov barəsində cinayət işi açılıb.

Samir Kərimova Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə, Ramin Talıbova isə 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309 (vəzifə səlahiyyətlərini aşma) maddələri üzrə ittiham elan olunub.

Samir Kərimov ölkədə olmadığı üçün barəsində həbsli axtarış elan olunub. Ramin Talıbov isə zaminə buraxılıb.

20 il sonra, 62 yaşında Bakıya qayıdan Samir Kərimov hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat zamanı həbs olunub. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Milli.Az