Bir ömrün naxışları

29 Aprel 2012 12:27
Musiqi və xalça - hər ikisi də rənglər və naxışların al-əlvanlığı baxımından bir-birinə qohum sənətdir. Əslində, hər ikisi  incəsənətin maraqlı və möhtəşəm növlərindəndir. Bu iki məfhumun yanında Şuşa ifadəsi olmayanda, adama elə gəlir ki, sözlərin beşiyi laylasız yelləndirilir. Nəinki  aranlı-dağlı külli - Qarabağımızın,  Azərbaycanıın incəsənət paytaxtı sayılan Şuşa zirvəsi buludlardan, şimşək və ildırımlardan sıyrılıb çıxmış qaladır! Adı da uzun illər Qala adlandırılan bu milli konservatoriya, nə yazıqlar ki, 20 ildir düşmən tərəfindən isti ocağı söndürülmüş ana qucağıdır.

Şuşanın xalqımıza bəxş etdiyi ilahi vergili, xalçalarımızı dünyaya tanıtmağı bacaran istedadlarından biri olan Lətif Kərimovun sənətə naxışlanmış ömrünü heyrətlə vərəqlədik.

1906-cı ildə Şuşa şəhərində dünyaya göz açmış, xalçaçılıq sənətinin bilicisi  Lətif Kərimovun bu şərəfə çatmasında çəkdiyi əziyyət və axtarışlarla yanaşı,  ustadın mənsub olduğu Allahverdilər nəslinin göstərdiyi təsir də  unudulmamalıdır. Bir sözlə, xalçaçılıq onların əbədi sənəti kimi nəsildən-nəslə keçib.

Bir çox tarixi mənbələrdən məlum olduğu kimi, 1912-ci ildə onların ailəsi İranın Məşhəd şəhərinə köçüb. Lətif Kərimov burada Mirzə Ələkbər Hüseynzadənin emalatxanasında bu sənətin incəliklərini və sirlərini öyrənib. Barmaqları ərişə dolanan rəngbərəng iplərdən sığal alıb. İlmələnmiş naxışlar onun öz ömrü kimi əriş-arğacdan keçərək xalçalarda çeşnilənib.

1928-ci ildə Şuşadakı "Qarabağxalça" artelində təlimatçı kimi çalışan Lətif Kərimov respublikanın digər bölgələrində bu sənətlə məşğul olan xalçaçılardan öyrənməyə çalışır və itib-batmaqda olan milli naxış və ornamentləri bərpa edərək arxivlərdə saralıb solan incəsənət tariximizin bu növünün üstünə işıq salırdı. 1930-cu ildən xalça sənəti mütəxəssisi kimi o, "Azərbaycanxalça" birliyində rəssam-təlimatçı vəzifəsində çalışanda da hananın qarşısında əyləşərək rənglərin dili ilə "naxışlanmış nağıllar" yaradırdı.

O, sadəcə, xalçaçı deyildi. Şuşalı Lətif Kərimov 1932-1936-cı illərdə ilk dəfə olaraq Bakı və Qubada xalça məktəblərinin açılmasına nail olub. Ustad xalçaçı rəssam eyni zamanda dekorativ tətbiqi sənətin digər sahələrində də fəaliyyət göstərirdi. Ötən əsrin 30-40-cı illəri onun yaradıcılığında xüsusi yer tutub. Məhz uzun axtarışların və sənətə məhəbbətin nəticəsi idi ki, Firdovsinin anadan olmasının 1000 illiyinə həsr etdiyi xalça 1934-cü ildə Parisdə keçirilən Ümumdünya xalça sərgisində çox uğurla nümayiş etdirilib.

Lətif Kərimovun bu sahədə göstərdiyi misilsiz xidmətləri saymaqla bitməz. Təkcə onu qeyd etmək kifayətdir ki, həmin illərdən başlayaraq Azərbaycan xalçalarının müxtəlif  növlərinə dair kompozisiya və naxışları toplayıb. Nəticədə ona nail olub ki, Quba, Şirvan, Bakı, Gəncə, Qazax, Borçalı, Təbriz, nəhayət, Qarabağ xalça qruplarına dair 150-dən çox xovsuz və xovlu xalça məmulatı çeşidlərini yığaraq onların rəngli reproduksiyasını hazırlayıb.

Yeri gəlmişkən, tanınmış Azərbaycan rəssamları K.Kazımzadə, İ.Axundov və digərləri ilə birlikdə İkinci dünya müharibəsi başlayan illərdə dahi Nizaminin yubileyinə həsr edilən  beş xalça hazırlayıb. Həmin xalçalarda "Xəmsə"yə daxil olan poemalardan götürülən epizodlar təsvir olunub.

Xalçaçılıq sənətinin akademiki sayılan ustad xalçaçı-rəssama Şuşanın təbiətindən gələn ilahi bir vergi də verilmişdi ki, bu da onun təmiz diksiyaya, rəvan danışığa malik olması idi. Elə ona görə də o, ötən əsrin qırxıncı illərində Azərbaycan Radiosunda fars dilində verilişlər aparıb. Diktor kimi çalışdığı illərdə Lətif Kərimov Aydın Qaradağlının səsini bəyənib və o zaman radionun rəhbəri olan Şəmsəddin Abbasova təqdim edib.

Lətif Kərimov, eyni zamanda, elmi araşdırmalarla da məşğul olub. Elmi-yaradıcılıq fəaliyyətinə Azərbaycan EA-nın Memarlıq və İncəsənət İnstitutunda başlayan ustad 1945-ci ildə burada ayrıca xalçaçılıq şöbəsinin açılması üçün bütün maneələri keçib. Müəllifi olduğu "Azərbaycan xalçalarında ornament" kitabı misilsiz sənətkarlıq toplusudur. Elə məhz bu əsərə görə Lətif Kərimov 1950-ci ildə Sankt-Peterburqda dissertasiya müdafiə edərək sənətşünaslıq namizədi alimlik dərəcəsinı alıb. Monumental tədqiqat işlərindən biri də çoxcildlik "Azərbaycan xalçası" monoqrafiyasıdır. Qırx ilə yaxın aparılan elmi araşdırmaların nəticəsi olan bu əsərin birinci  cildi 1961-ci ildə çapdan buraxılıb.

Mənalı ömrünü və şərəflə keçdiyi yolu xalçaçılıq sənətinə həsr edən Lətif Kərimovun bu sahədəki  xidmətlərindən biri də 1972-ci ildə Bakıda Xalçaçılıq Muzeyinin təşkilinə nail olmasıdır.

Bir sənətkar və alim ömrü yaşamış ustadın əməyi dövlət tərəfindən daim yüksək qiymətləndirilib. Ən böyük mükafatı isə bu gün adını şərəflə daşıyan   Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyidir. Burada xalqımızın milli mədəniyyətinin və incəsənətinin daşıyıcısı olan, əsrlər boyu yaratdığı qədim, əvəzsiz xalça və xalq tətbiqi sənəti nümunələri ilə birlikdə müasir dövr rəssam və xalq sənətkarlarının ən  dəyərli əsərləri də toplanıb  saxlanılır.

Azərbaycanın mədəni irsinin təbliğ edilməsi məqsədilə muzey respublikamızda və  30-dan artıq xarici ölkədə xalça və xalq tətbiqi sənətinə dair sərgilər keçirib. Şuşanın 1992-ci il mayın 8-də erməni silahlı quldurları tərəfindən işğalından sonra adıçəkilən muzeyin Şuşa filialı indi fəaliyyətini Bakıda davam etdirir.

2007-ci ildə Parisdə YUNESKO-nun iqamətgahında Lətif Kərimovun 100 illik yubileyi münasibətilə beynəlxalq əhəmiyyətli tədbir keçirilib. "Azərbaycan xalçası" və "Azərbaycan xalça sənəti" mövzusunda keçirilən bu beynəlxalq simpozium üçün hazırlanıb çap edilən ikicildlik "Lətif Kərimov fenomeni" kitabının təqdimatı da orada olub. Həmin tədbirdə xalçaçı-rəssamın 15 eskizi sərgilənib, daha sonra isə "Ömrün naxışları" adlı sənədli film nümayiş etdirilib.

Daim Azərbaycan xalçaçılıq sənətinin inkişafına çalışan və bu yolda yorulmayan, naxışlarının hər çalarında qəlbinin döyüntüləri duyulan, milli-mənəvi sərvətlərimizin keşikçisi kimi izi qalan xalçaçı-alimin arzuları gerçəkliyə çevrilir. Azərbaycan xalçası YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs  Siyahısına daxil edilib ki, bu da qədim sənət nümunələrimizin  ermənilər tərəfindən saxtalaşdırılmasının qarşısının alınmasında mühüm vasitələrdən biridir. Buna isə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Mehriban xanım Əliyevanın şəxsi təşəbbüs və xidmətləri sayəsində nail olunub. Bu, eyni zamanda, Azərbaycan xalqının öz milli sərvətinə sahiblik etməsi və beynəlxalq birliyin rəsmi şəkildə təsdiqləməsi deməkdir.  Əlbəttə, zaman-zaman Azərbaycan xalçalarını dünya muzeylərində  öz  sərvətləri kimi təqdim edən ermənilərin saxtalığının ifşası kimi də başa düşülür.

"Azərbaycan"