Araz Əzimov Əfqanıstana gedəcək

14 May 2010 19:17
Azərbaycanın Əfqanıstana qeyri-hərbi yardımı ilə bağlı mövcud vəziyyətin dəyərləndirilməsi və yeni əməkdaşlıq imkanlarının müzakirə edilməsi məqsədilə Azərbaycan nümayəndə heyətinin cari ilin 16-18 may tarixlərində Əfqanıstana səfəri nəzərdə tutulur.

XİN-in mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, səfər zamanı nümayəndə heyətinin Əfqanıstanın aidiyyəti dövlət orqanları, NATO-nun Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) üzrə Komandanlığı, Azərbaycanın İSAF tərkibində qulluq edən hərbçiləri ilə görüşlərinin keçirilməsi planlaşdırılır.

Nümayəndə heyətinə xarici işlər nazirinin müavini Araz Əzimov rəhbərlik edir.

Xatırladaq ki, Azərbaycan NATO-nun Əfqanıstanda apardığı İSAF əməliyyatına hərbi töhfə verməkdədir. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 90 nəfərdən ibarət bir bölüyü İSAF tərkibində Əfqanıstanda xidmət edir.
    
NATO-nun 2008-ci ildə keçirilən Buxarest Sammiti zamanı Azərbaycan Respublikasının Prezidenti tərəfindən Əfqanıstandakı bərpa və sabitliyin təmin edilməsi prosesinə Azərbaycanın qeyri-hərbi sahədə də töhfə vermək niyyəti bəyan edilib.

Milli.Az