Rüşvət almaqda təqsirləndirilən gömrük inspektorunun işi məhkəməyə göndərildi

31 Mart 2023 17:30

Gömrük rəsmiləşdirilməsi müqabilində rüşvət almaqda ittiham olunan vəzifəli şəxs bərəsində cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Dəyərləndirmə və risklərin idarə olunması şöbəsinin inspektoru İskəndərov Şahin Rövşən oğlunun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

İstintaq zamanı Şahin İskəndərovun ölkəyə gətirilən avtomobillərin gömrük dəyərinin aşağı qiymətə rəsmiləşdirilməsi müqabilində birbaşa və kart hesabına köçürülmə yolu ilə rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Əldə edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) maddəsi ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Milli.Az