Yığmamız İrəvana gedir? - Federasiyadan açıqlama

31 Mart 2023 16:08

16:08

Azərbaycan Ağır Atletika Federasiyası Azərbaycan ağır atletika yığmasının İrəvanda keçiriləcək Avropa çempionatında iştirakının təsdiqlənməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

Federasiyadan verilən məlumata görə, Azərbaycan hələ iştirakını təsdiq etməyib.

Qeyd edilib ki, Azərbaycan Ağır Atletika Federasiyası olaraq Avropa Ağır Atletika Federasiyası və Beynəlxalq Ağır Atletika Federasiyasına təhlükəsizlik tədbirəri ilə bağlı zəmanət məktubunun alınması ilə bağlı müraciət etmişik. Ancaq hələ də müraciətə cavab verilməyib. Bu səbəbdən də Azərbaycan iştirakını rəsmi təsdiq etmiş sayılmır. Rəsmi təsdiq üçün son tarix 11 apreldir.

-------

15:40

Azərbaycan ağır atletika yığmasının İrəvanda keçiriləcək Avropa çempionatı təsdiqlənib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bunu beynəlxalq dərəcəli hakim Araik Alaverdyan açıqlayıb.

O, "armenpress"ə açıqlamasında bildirib ki, Azərbaycan idmançıların təhlükəsizliyinin təmin olunması üçün rəsmi müraciət göndərib. Yarışda ölkəmizi 5 atlet təmsil edəcək.

Qeyd edək ki, İrəvandakı Karen Dəmirçiyan adına İdman Konsert Kompleksində baş tutacaq yarış aprelin 15-23-də keçiriləcək. Ermənistanın tarixində ən böyük miqyaslı turnir olan qitə çempionatı Paris Yay Olimpiya Oyunlarına lisenziya xalları verəcək. Yarışda 40 ölkədən 500-dən artıq idmançı qüvvəsini sınayacaq.

Milli.Az