Azərbaycana düşmən kəsilmiş İran mümkün olan bütün vasitələrə əl ataraq ölkəmizi zəiflətmək, insanlarımızı qorxutmaq, dövlətimizi gücdən salaraq yox etmək arzusundadır.
Bacarmır və bacaran da deyil, amma istəyi narkomanın əsrar yanğısı qədər güclü olduğundan səngimək bilmir.
... Məmməd Səid Ordubadi indi İran adlanan ölkənin paytaxtını "Qorxulu Tehran" adlandıranda yanılmamışdı.
Tehran qorxuludur, çünki teokratik və klerikal hakimiyyətlidir.
Tehrandakı mollakratiya dünyada bənzəri olmayan aqressivlikdə, paralelləri aparılması çətin dözülməzlikdə olan rejimdir.
Qorxutmağa çalışan, amma özü də qorxan mollakratiya bütün qonşu ölkələr üçnü real təhlükə mənbəyidir.
Azərbaycan üçünsə Tehran rejimi bizi hədəf görən və idarə etməyə çalışan xaotik sistemdir.
Milli Məclisin deputatı Fazil Mustafanın evinin qarşısında güllələnməsi aşkar terror aktıdır.
Bu akt sadəcə və ya yalnız deputata qarşı yönəlməmişdi - əsl hədəf dövlət və cəmiyyətdir.
Fazil Mustafaya "Kalaşnikov" avtomatından atəş açıldı.
Şəhərin heç də sakinləri az olmayan məkanında, Zabratda, axşam saatlarında deputatı atəşə tutan şəxs və ya şəxslərin diletant olduğunu düşünməyək.
Çünki belə deyil.
İlk baxışdan "Kalaşnikov" avtomatlı şəxsin açdığı atəşlə deputat qətlə yetirilməli idi. Amma Fazil Mustafa ayağından və çiyindən yaralandı.
Gerçəkdənmi terrorçu hazırlıqsızdı, İranın xüsusi xidmət orqanları öz killerini "tapşırığa" yollayarkən onun nəyə qadir olduğundan bixəbərdilər?
Sualın cavabı mənfidir, çünki İran İslam Respublikasının kəşfiyyat və əks-kəşfiyyat strukturları, xüsusilə də ölkə sərhədlərindən kənarda qətllər, diversiyalar və terror aktları törətməyə məsul olan təşkilatın həyata keçirdiyi əməliyyatlar xüsusi qəddarlığı ilə seçilir.
İranın da qətlə və ya terakta yolladığı insanlar dəqiqlik, sərrastlıq və tapşırığa tam əməl etmək niyyətləri ilə seçiliblər.
Fazil Mustafaya da atəş açan şəxs diletant olmayıb: onun hadisə yerindən necə peşəkarlıqla yoxa çıxması buna dəlalət edir.
Deputatı qətlə yetirmək istəyən və teraktı törədən şəxs hələlik azadlıqdadır, lakin onun arxasında duran qüvvə, sifarişçi çox asanlıqla bəlirlənir.
Teraktın kölgəsi Tehrana düşür.
O Tehrana ki, Azərbaycanda sürəkli terror aktlarını gerçəkləşdirməyə çalışıb və bəzilərinə nail olub.
Akademik Ziya Bünyadovun, yazıçı Rafiq Tağının qətlinin arxasında Tehran rejiminin durması teorem və ya ehtimal yox, aksiomdur.
2012-ci ildə Bakıda "Eurovision" mahnı müsabiqəsi keçiriləndə şəhərdə qanlı terakt törətmək niyyətində olan da İranın məxfi strukturları idi.
Fazil Mustafa ölkənin ən məşhuri siyasətçisi, ən populyar deputatı, ən tanınmış publisisti deyildi.
Buna rəğmən o, İrana kor-koranə sitayiş etdiklərini nəzərə çarpdırmağa çalışan, amma gerçəkdə İrandan alınan təlimatlar və əmrlər əsasında hərəkət edən fiqurların nifrət etdikləri insanlardan biri idi.
"İranpərəst" kimi tanınmalarına can atan, əslində xəyanətpərəst olan və Azərbaycanla azərbaycanlıları İranın qarşısında sədd hesab edən həmin varlıqların idarəetmə pultlarının Tehrandakı ağalarını əlində olmaları da bəlli.
Tehrandakı səfirliyimizə terror hücumunun təşkili, gerçəklədirilməsi, sonra da guya "araşdırılması" İranın hakimiyyət dairələrinə onsuz da ekstremal minimum həddində olan inamı puça çıxardı.
Terroru mübarizə vasitəsi sayan və dünyanın müxtəlif ölkələrindəki terrorçu təşkilatlarla çox sıx əlaqələr quran, həmin qruplaşmaların bəzilərini maliyyələşdirən, bəzilərini silahlandıran, bəzilərinə isə ideoloji-siyasi dəstək verən İran nəyin bahasına olursa-olsun, Azərbaycanı zəiflətməyə can atır.
Güclü Azərbaycan molla rejiminin qorxulu röyasıdır, çünki belədə Güney Azərbaycanda milli oyanış sürətlənərək vüsətlənəcək, Təbriz əsrlərdən bəri soydaşlarımızın qanını içən Tehrana yerini göstərəcək.
Tehrandakı ayətulla kamarilyasının bizə, Azərbaycana və azərbaycanlılara olan kinin, bitmək bilməyən nifrətinin səbəbləri çox olsa da, onların arasında özünümüdafiə instinktinin eybəcər hala salınmış forması var: Tehran İrandakı 35 milyon soydaşımızın yumruq kimi birləşməsindən, sonra da o yumruğun murdar molla rejiminin qafasına enməsindən qorxur.
Fazil Mustafaya qarşı terakt oa qorxunun yaratdığı xofun çiliyidir.
Təsadüfi deyil ki, deputata atəş açılandan cəmi 30 dəqiqə (!) sonra, hələ Azərbaycan mediasında bu barədə xəbərlər yayılmamış İran mass-mediası "Azərbaycanda sionizmi dəstəkləyən deputat güllələndi" yazdı.
İranın "İslam İnqilabı Keşikçiləri Korpusu"nun (SEPAH) nəzarətindəki Telegram kanallarından birində isə "anti-İran və anti-İslam bəyanatları ilə tanınan Fazil Mustafa qətlə yetirildi" açıqlaması ilə çıxış etdi.
Terakt martın 28-də oldu.
Azərbaycanda Dövlət Təhlükəsizlik və Xarici Kəşfiyyat Xidmətlərinin peşə bayramları günü.
Azərbaycanın XİN başçısının İsrailə rəsmi səfərindən, İsraildə səfirliyimizin təntənəli açılışından bir gün əvvəl.
Akademik Ziya Bünyadovu İranın yaratdığı "Hizbullah"ın agentləri güllələdi, yazıçı Rafiq Tağını iranlı ayətulla Lənkəraninin fətvasından sonra yenə də İranın köləsi bıçaqladı.
44 günlük İkinci Qarabağ Müharibəsi isə İrandakı mollakratiyanı isteriya vəziyyətinə saldı.
İşğalçı Ermənistanı daim tam dəstəkləyən, 44 günlük Vətən Müharibəsi günlərində İrəvana sürəkli silah-sursat yollayan Tehran rejimi Azərbaycanın məğlubiyyətini arzulayırdı. Bu səbəbdən müharibə günlərində İran hakimiyyətinin rəhbərlərindən kimsə Bakını dəstəkləyən bəyanatla çıxış etmədi.
Mollakratiya marığa yatıb ümidlə gözləyirdi. Gözləyirdi ki, savaşın çarxı dönsün, Tehran yenə "vasitəçilik təklifi" ilə çıxış etsin, 1992-ci ilin mayında Şuşanın itirilməsindəki müstəsna rolunu yenə təkrarlasın.
Tehran rejiminin nifrət və küdurəti o həddə çatmışdı ki, müharibə günlərində iranlı hərbçilər Xudafərin körpüsünün yaxınlığında sərhədi keçərək əsgərlərimizin qarşısını kəsmiş, hücum əməliyyatına mane olmaq istəmişdilər.
Əsgərlərimiz onları qovdular, təbii: amma hücum 24 sutka ləngidi.
Kim bilir, o ləngimə neçə əsgərimizin şəhid düşməsinə səbəb oldu.
Müharibə zamanı Tehranın sürəkli, fasiləsiz olaraq ordumuzun hərəkəti ilə bağlı Ermənistana kəşfiyyat məlumatları ötürməsini də unutmayaq.
İndi molla rejimi aylardan bəri etiraz aksiyalarının silkələdiyi hakimiyyətini Azərbaycana hədələr ünvanlamaqla qorumağa çalışır.
Azərbaycanın qlobal iqtisadiyyatda və siyasətdə mövqelərinin güclənməsi, Qərb ölkələri və İsraillə münasibətlərinin yüksələn xətlə inkişafı, Cənubi Qafqazda yeni geosiyasi reallıqları yaradaraq onları müəyyənləşdirməsi, habelə Güney Azərbaycandakı soydaşlarımız üçün zülməti yara biləcək mayak qismində qəbul edilməsi Tehrandakı rejimi çox qorxudur.
Tehran indi isteriyaya qapılıb, ikitərəfli münasibətlərimizi ifrat dərəcə soyudaraq qarşıdurmaya çevirə biləcək bəyanatlar verərək addımlar atır.
Fəqət, molla rejimi unudur ki, bu yol onu çox təhlükəli istiqamətə aparır.
Aqoniya içində vurnuxan və üzləşdiyi ağır böhranlardan çıxış yolları arayaraq çırpınan vmollakratiya o yoldan qayıtmaya bilər...
Elçin Alıoğlu