İran casusu bu ölkədə ələ keçdi: Bakıya sui-qəsd hazırlayırdıq

30 Mart 2023 11:34

İranın müxalifət mediası 2022-ci ilin noyabrında Tanzaniya hakimiyyəti tərəfindən İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-ın xəbəri əsasında həbs edilən və "Həmid Salari" kimi tanınan iranlı kəşfiyyat zabiti Həmidrza Məhəmməd Əbrahanın dindirilməsinin videosunu yayıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Haqqın.az" yazıb.

"Əbraha ifadə verib ki, onun vəzifəsi yerli və xarici vətəndaşları casusluğa cəlb etmək və İsrail, Amerika, Səudiyyə və Azərbaycan hədəflərinə qarşı Tanzaniyada və ümumilikdə Afrikada sui-qəsd cəhdləri təşkil etməkdir.

Həbs olunmazdan əvvəl Əbraha 15 il İran kəşfiyyatında xidmət edib, xüsusən Əfqanıstan və Pakistanda çalışıb. 2019-cu ildə o, bundan əvvəl uzunmüddətli təlim keçərək Tanzaniyaya transfer olunub. Tanzaniyada neft və neft məhsulları satıcısı adı altında işləyib", - məlumatda deyilir.

Əbraha dindirmə zamanı İranın kəşfiyyat nazirliyinin (ETTELAAT) strukturu və sxemləri haqqında ətraflı məlumat verib, həmçinin cəlb etdiyi agentləri satıb. Bundan sonra o, Tanzaniyadan vətəninə ekstradisiya edilib.

Milli.Az