Bakı sakini yaşadığı mənzilə qeydiyyata düşə bilmir - VİDEO

30 Mart 2023 05:22

Bakı sakini Sevinc Rüstəmova yaşadığı mənzilə qeydiyyata düşə bilmir. O, 3 aydır ki, probleminin həlli üçün döymədiyi qapı, getmədiyi ünvan qalmayıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, "Xəzər Xəbər"in vatsap nömrəsinə müraciət edən Sevinc Rüstəmova 20 Yanvar şəhidinin qızı, ikinci qrup əlil, Qarabağ qazisinin həyat yoldaşıdır. Ailənin iki azyaşılı övladı var.

Sabunçu rayonu, Yeni Ramana qəsəbəsinə köçənədək, Sevinc Rüstəmova  ailəsi ilə birgə Yasamal rayonunda qeydiyyatda olub. "Sovetski" adlı ərazidən köçürüldükdən sonra ailə Sabunçu rayon Polis İdarəsinə qeydiyyata düşüb. 2022-ci ildə Sevinc Rüstəmovanın anası rəhmətə gedir. Rüstəmovlar ailəsinin problemi də elə bundan sonra başlayır.

Hazırda ailə yaşadığı mənzilə qeydiyyata düşə bilmədiyindən sosial müavinətlərin alınmasında problem yaşayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov "Xəzər Xəbər"ə açıqlamasında qeyd edib ki, təmsil etdiyi qurum tərəfindən imtiyazlı kateqoriyaya aid vətəndaşların yaşayış komplekslərindəki mənzillərdə qeydiyyatla bağlı sənədləşmə işləri artıq yekunlaşıb. Yaxın günlərdə həmin komplekslərdə yaşayan vətəndaşlar öz mənzillərinə qeydiyyata düşə biləcəklər. Bununla bağlı onlara məlumat veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az