“Taliban” qızların evdə təhsil almasını təşkil edən hüquq müdafiəçisini həbs edib

29 Mart 2023 09:23

"Taliban" hərəkatı Əfqanıstanda qızların evdə təhsil almasını təşkil edən tanınmış hüquq müdafiəçisi Matiullah Vesanı həbs edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, xəbəri hüquq müdafiəçisinin yaxınları da təsdiq ediblər.

Onlar bildiriblər ki, Matiullah Vesa paytaxt Kabildə, evinin yaxınlığında həbs olunub.

Hazırda onun harada olduğu bilinmir.

Hüquq müdafiəçisinin saxlanılmasına Birləşmiş Millətlər Təşkilatı da reaksiya verib.

Belə ki, BMT-nin Əfqanıstandakı insan haqları üzrə xüsusi məruzəçisi Riçard Bennet qeyd edib ki, tanınmış pedaqoq, vətəndaş cəmiyyətinin aparıcı üzvü Matiullah Vesanın saxlanılması beynəlxalq ictimaiyyət tərəfindən narahatlıqla qarşılanıb və "Taliban" rəhbərliyini hüquq müdafiəçisinin hüquqlarına hörmət etməyə çağırıb.

Qeyd edək ki, 2021-ci ilin avqustunda Əfqanıstanda siyasi hakimiyyətə gəlmiş "Taliban" qadınların əksəriyyətinin işləməsinə və altıncı sinifdən yuxarı qızların təhsil almasına qadağa qoyub.

Milli.Az