Kamran Ağayev: "Bizim çempionluq şansımız var"
28 Aprel 2012 11:22
"Xəzər Lənkəran"ın qapıçısı Kamran Ağayev Premyer Liqanın 30-cu turunun "İnter"lə oyunu öncəsi komandadakı durumu dəyərləndirib, FİFA-nın qərarından sonrakı ab-havaya, eləcə də bu qərara qarşı çıxanların açıqlamalarına toxunub, son üç oyunda yüz faizli nəticə qazanmaq şanslarından danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
"Komandada əhval-ruhiyyə onsuz da çox yaxşı idi. Çünki ötən həftə biz "Neftçi"ni məğlub etmişdik. Baxmayaraq ki, "Böyük oyun" ərəfəsindəki ajiotajın çox az olması məni narahat edirdi. Çünki iki il əvvəl bu oyunlar daha maraqlı alınırdı. FİFA-nın altı xalımızı qaytarmasına gəlincə, düzü bunun belə olacağını bilmirdik. İndi buna görə hərə bir cür fikir səsləndirir. Mən hamının fikrinə hörmətlə yanaşıram. Lakin bir məqamı unutmaq lazım deyil ki, bu qalmaqala görə biz də üç vacib xal itirdik. Bizim altı xalımızı məhz "Bakı" ilə oyundan bir gün öncə sildilər. Nəticədə paytaxt klubu böyük hesabla qələbə qazandı. Halbuki, belə bir qərar çıxarılmasaydı və komandamızdakı atmosfer bu şəkildə korlanmasaydı, "Bakı" bizi məğlub edə bilməzdi".
Ağayev "İnter"lə qarşıdakı oyuna da toxunub: "Hamı "İnter"in necə ciddi rəqib olduğunu anlayır. Amma biz meydana qələbə üçün çıxacağıq. Çünki başqa nəticə bizi qane etmir. Bizim çempionluq şansımız var. Bu üzdən də mütləq qələbə qazanmalıyıq. "Bankirlər"lə yanaşı "Qəbələ" və "Qarabağ"la da oyunlarımız qalır. Futbolda hər şey mümkündü. Doqquz xal toplaya bilərik. Amma bu, çempion olacağımıza təminat vermir. Çünki liderin xal itirməsi də vacibdi. Hər halda biz uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik. Turnir cədvəlinə isə sonda baxarıq".
Milli.Az