Separatçılar "ZƏNCİRLƏNİR" - Ordumuzdan ÖNƏMLİ HƏMLƏ: ermənilər bundan sonra...

27 Mart 2023 16:58

Azərbaycan ordusu martın 25-i şərti olaraq 2054,0 yüksəkliyi adlanan strateji nöqtəni (Sarıbaba dağından 2,9 kilometr şimal-şərqdə) azad edib. Nəzaərətə götürülən yüksəklikdə mühəndislik işlərinə də başlanılıb. 

Əməliyyat heç bir itki vermədən səssiz şəkildə həyata keçirilib. Nəticədə Ermənistandan Xankəndinə gələn yeganə dağ-meşə yolu nəzarətə götürülüb. Erməni mənbələr iki gündür bununla Qarabağdakı separatçıların heç bir alternativ yolunun qalmadığını yazır.

Bəs Sarıbaba yüksəkliyi və yeni mövqelərimiz bizə bundan sonra hansı üstünlükləri verəcək?

Milli.Az-a mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev cavab verib: 

"Bu əməliyyat nəticəsində Azərbaycan Ordusunun məhdud bölmələri heç bir itki vermədən Ermənistandan rusların nəzarətində olan ərazilərə silah-sursat və minaların daşındığı Turşsu-Xəlfəli yoluna nəzarəti bərpa etdi.

Bu uğurlu əməliyyat gələcəkdə digər ərazilərin təmizlənməsi məqsədi ilə keçiriləcək əməliyyatlara mühim dəstək verəcək. Fərrux, Qırxqız, Sarıbaba və Turşsu-Xəlfəli yolunun üzərindəki 2054 metr yüksəkliyində olan dağ zirvəsinin Azərbaycan Ordusunun nəzarətində olması separatçı rejimin cilovlanması və onların ərazidən təmizlənməsi məqsədi ilə həyata keçiriləcək əməliyyatlarda mühim plasdarm kimi də istifadə oluna bilər.

Nəticə etibarı ilə bu yüksəkliyin Azərbaycan ordusunun nəzarətində olması Qarabağdakı erməni silahlılarının silah və sursatla təminatının məhdudlaşdırılmasında böyük əhəmiyyət daşıyır". 

Təhməz Əsədov
Milli.Az