İran biz tərəfdən müdaxilə etsə, iki ölkə Bakıya qoşulacaq

26 Mart 2023 19:38

İran ordusunun Azərbaycanla sərhəddə aktivliyi - istər təlimlər, istərsə də "qəfil hərbi yoxlamalar" formasında - bir məqsədə xidmət edir: Bakıya təsir etmək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında müdafiə siyasəti üzrə ekspert David Arutyunov İran generallarının Azərbaycan və Ermənistan sərhədi yaxınlığına qəfil gəlişləri barədə deyib.

Arutyunovun sözlərinə görə, İran Azərbaycandan Ermənistana qarşı təzyiq hiss edən kimi hərbi təhdidə əl atır. Ekspert buna ən son misal kimi İranın hərbi təyyarələrinin Azərbaycan sərhədi yaxınlığında uçmasını göstərib.

Arutyunovun fikrincə, qlobal baxımdan Səudiyyə Ərəbistanı ilə sazişin imzalanması İranın Cənubi Qafqazda fəallaşması üçün əlavə stimuldur. Belə ki, Tehran və Ər-Riyad arasında buzların əriməsi İranın əhəmiyyətli diplomatik, siyasi, hərbi resurslarını azad edir və onların digər bölgələrdə cəmləşməsinə səbəb olur.

İranın vəziyyətin gərginləşəcəyi təqdirdə hərbi addım atmağa hazır olub-olmaması sualına gəlincə, ekspert bildirib ki, Tehran öz ərazisini qoruyacaq:

"Söhbət Ermənistanın Zəngəzur ətrafındakı vəziyyətdən gedirsə, burada məsələ xeyli mürəkkəbdir. Aydındır ki, İranın Ermənistan tərəfdən müdaxiləsi Türkiyə və ABŞ-ın cavab reaksiyasına səbəb olacaq. ABŞ rəsmiləri Azərbaycanla İran təhdidi kontekstində həmrəy olduqlarını dəfələrlə deyiblər. Ən son bu barədə açıqlama verən Dövlət katibi Entoni Blinken oldu. Konqresdə dinləmələr zamanı Bob Menendesin Azərbaycana hərbi yardımın səbəbi barədə sualına Blinken cavabında dedi ki, bu yardım Azərbaycana İranla sərhədini qoruması üçün vacibdir".

O iddia edib ki, ABŞ-ın və Qərbin bu dəstəyi Azərbaycanın əl-qolunu açır.

Onun düşüncəsinə görə, Qərbin İrana qarşı yönəlmiş istənilən addımı Ermənistanın maraqlarına ziddir:

"Bütün qlobal və ya regional oyunçulardan Ermənistana ən fəal diplomatik, bəzi yerlərdə isə hərbi-siyasi dəstək verən İrandır".

Arutyunov hesab edir ki, bu, Azərbaycanı çəkindirən faktordur:

"İranın özü böyük ölçüdə qeyri-müəyyənlik mühiti yaradır və saxlayır, bununla da siyasi rəqiblərini daim "gərginlikdə saxlayır". Bu taktika Tehranın təsir rıçaqlarının effektivliyini artırır".

Milli.Az