Dünən Azərbaycan sərhədini pozan 6 nəfər saxlanılıb - VİDEO - FOTO

25 Mart 2023 10:46

Martın 24-də saat 15:35-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Şəmkir" sərhəd dəstəsinin Samux rayonunun Salahlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 5 nəfər Pakistan İslam Respublikası vətəndaşı saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Gürcüstan Respublikasına, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Həmçinin mart ayının 24-də saat 21:45-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının Qazax rayonunun İkinci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Gürcüstan Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 nəfər Gürcüstan Respublikası vətəndaşı saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin 1981-ci il təvəllüdlü Qəhrəmanov Vidadi Ayaz oğlu olduğu müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

Milli.Az