Mirzoyan: Ermənistan və Azərbaycan bir sıra məsələlərdə məqbul həll yolunu tapıblar

24 Mart 2023 19:18

Ermənistan Azərbaycandan sülh müqaviləsi layihəsi ilə bağlı ümumilikdə dörd təklif paketi alıb və cavab olaraq Bakıya üç sənəd göndərib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Parlamentin Xarici Əlaqələr Komitəsinin iclasında bildirib.

Mirzoyan deyib ki, Bakıdan son təkliflər paketi bu yaxınlarda alınıb və İrəvan hələlik bu sənədə cavab verməyib.

Mirzoyan deyib ki, tərəflər, ideal olmasa da, bir çox məsələlərdə ən azı qarşılıqlı məqbul formalar tapmağa nail olublar. Onun sözlərinə görə, müzakirələr və fikir mübadiləsi aparılıb, müəyyən kompromis formaları müəyyənləşdirilib.

Ermənistan XİN başçısı əlavə edib ki, vacib əhəmiyyət kəsb edən müddəalar müzakirə olunur və tərəflərin mövqeləri burada hələ də bir-birindən uzaqdır.

Mirzoyan onu da vurğulayıb ki, danışıqlar faktiki olaraq vasitəçilər olmadan gedir və bu danışıqlar ikitərəfli hesab olunur.

Sülh müqaviləsinin variantlarından danışan erməni nazir "Əvvəlcə Rusiya versiyası adlanan variant var idi ki, bu, əslində Bəyanatın parametrlərini ehtiva edirdi və bu varianta Ermənistan razılıq versə də, Azərbaycan rədd edib. Variantın Qərb versiyası yoxdur. Əslində, söhbət erməni-azərbaycan variantından gedir", deyə bildirib.

Milli.Az