Pentaqon bunu Tehrana “birbaşa xəbərdarlıq” adlandırdı

24 Mart 2023 18:50

ABŞ Hərbi Hava Qüvvələrinin Suriyadakı iranyönlü birləşmələrin mövqelərinə ötən gecə həyata keçirdiyi hava hücumu İran hakimiyyətinə birbaşa xəbərdarlıqdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi "Sky News Arabia" telekanalına müsahibəsində bildirib.

"ABŞ-ın İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mövqelərinə hava zərbəsi endirməsi İrana birbaşa xəbərdarlıqdır", - deyə rəsmi nümayəndə bildirib.

O əlavə edib ki, ABŞ-ın bölgədəki qüvvələri Tehranın sabitliyi pozan hərəkətlərinə qarşı mübarizə aparmaq üçün yüksək hazırlıq vəziyyətindədir.

Xatırladaq ki, ötən gün ABŞ Hərbi Hava Qüvvələri Suriyada iranyönlü birləşmələrin mövqelərinə zərbələr endirib. Zərbələr nəticəsində düşərgə, silah anbarı və 11 silahlı zərərsizləşdirilib.

İslam İnqilabı Keşikçiləri Korpusunun nəzarətində olan obyektlərə zərbələr cümə axşamı Rumeylandakı ABŞ bazasında dronun helikopter meydançasına hücumundan sonra həyata keçirilib. Sözügedən dron hücumu zamanı bir hərbçi həlak olmuşdu, 6 hərbçi isə yaralanmışdı.

Milli.Az