58 gün sonra 55 yaşında... - VİDEO - FOTO

23 Mart 2023 07:22

Xəbər verdiyimiz kimi, ötən gün əməkdar mədəniyyət işçisi, rejissor, prodüser Oqtay Əliyev avtomobil qəzasında həlak olub.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, onun qəfil faciəvi şəkildə ölümü incəsənət aləmində olan dostları üçün də sarsıdıcı olub.

Sənət aləmindən söz düşmüşkən, Oqtay Əliyev son olaraq xanımı Dilarə Əliyeva ilə birgə Əməkdar artist Tünzalə Əliyevanın dəfn mərasimində iştirak edərkən görüntülənmişdi.

Oqtay Əliyev elə dəfn mərasimində "Qafqazinfo"ya açıqlama verərək "Toppuş bacı"nın ölümündən kədərləndiyini bildirmişdi. T.Əliyeva barəsində "Allah rəhmət eləsin!" deyən rejissor onun üçün bu kəlməni işlətdiyinə inanmadığını demişdi.

Təəssüf ki, həmin dəfn mərasimindən 58 gün sonra 55 yaşlı Oqtay Əliyevin özü barəsində "Allah rəhmət eləsin!" cümləsi işlədilir.

Xatırladaq ki, Oqtay Əliyevin qəzaya düşdüyü maşında onun xanımı, Əməkdart artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də olub. Xəsarət alan hər iki xanım sənətçi xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Oqtay Vidadi oğlu Əliyev 1968-ci ildə İrəvan şəhərində Xalq artistləri Vidadi Əliyev və Elmira İsmayılovanın ailəsində anadan olub. O, 1998-ci ildə "SOY" prodakşn şirkətini təsis edib, qurumun prezidenti olub. Bir sıra festivalların qalibi olan rejissor "Əməkdar mədəniyyət işçisi" fəxri adına (2020), "Humay" milli mükafatına və s. təltiflərə layiq görülüb. 

Milli.Az