ABŞ-dan PUA istehsalında İrana kömək edən şirkətlərə SANKSİYA

22 Mart 2023 09:18

ABŞ hakimiyyəti pilotsuz uçuş aparatları (PUA) və silah istehsalında İrana dəstək verən dörd hüquqi və üç fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir.

"Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Federal Təhqiqatlar Bürosu (FTB) ilə koordinasiyada İran və Türkiyədə dörd şirkət və üç şəxsə qarşı məhdudiyyətlər tətbiq edib. Məhdudiyyətlər İranın pilotsuz uçuş aparatları və silahların istehsalı proqramlarına dəstək məqsədilə PUA-lar üçün Avropa mühərrikləri də daxil olmaqla avadanlıqların satın alınmasında iştiraklarına görə tətbiq edilib", - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, sanksiyalar İranın "DTSRC", "Farazan Industrial Engineering" və "Selin Technic" şirkətlərinə, eləcə də Türkiyənin "Ozone Havacilik Ve Savunma Sanayi Ticaret Anonim Sirketi"nə qarşı tətbiq edilib. Bundan əlavə, məhdudiyyətlər bu şirkətlərlə əlaqəli 3 nəfərə də şamil ediləcək.

Milli.Az