“Qarabağ”ın fransalı futbolçusu: “Əvvəlki zədəmi tam müalicə etməmişdim”

22 Mart 2023 08:10

"Əvvəlki zədəmi tam müalicə etməmişdim".

Milli.Az xəbər verir ki, bunu "Report"a müsahibəsində "Qarabağ"ın futbolçusu Adama Diakabi zədə səbəbindən komandadan ayrı qalması ilə bağlı danışarkən deyib.

Bir aydır oyunlarda iştirak etməyən fransalı vinger bu zədənin yeni olmadığını söyləyib: "Etiraf edim ki, bu, yeni zədə deyil. Təxminən bir il əvvəl ciddi zədə almışdım, ayağımda sınıq var idi. Sonradan geri dönsəm də, həmin ağrını hiss edirdim. Əslində, hər şey o qədər də pis deyildi. Elə dəhşətli ağrım yox idi. Bir çox matçlarda bu zədə ilə iştirak etmişdim. Antalyada yoldaşlıq görüşlərində oynadım, "Gent"lə UEFA Konfrans Liqasının hər iki pley-off matçında meydana çıxdım. Belçikadakı cavab qarşılaşmasından sonra ağrılar şiddətlənmişdi. Belə davam etmək gücündə deyildim. Bu ağrılarla oynamaq mənim üçün çətin idi. Komandadakı tibbi heyətlə birlikdə qərara aldıq ki, zədəni tamamilə sağaldaq, problem birdəfəlik aradan qaldırılsın".

Qış fasiləsindən sonra müqavilə imzaladığı "Qarabağ"ın heyətində Premyer Liqada cəmi 3 oyunda iştirak edən 27 yaşlı oyunçu artıq komandaya kömək etmək iqtidarında olduğunu bildirib: "Zədədən sonra sağlamlığımı bərpa etməklə məşğulam. İndi özümü yaxşı hiss edirəm. İdman zalında bərpa üçün çox çalışdım, artıq meydanda işləməyə başlamışam. Fikrimcə, zədə artıq geridə qalıb. Tez bir zamanda fiziki durumumu qaydaya salmalıyam".

Adama Diakabinin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Milli.Az