XIN: Ermənistan Azərbaycan ərazilərində terror fəaliyyəti həyata keçirir

19 Mart 2023 17:25

Ermənistan Azərbaycan ərazilərinə yeni istehsal edilmiş minalar ötürməklə, Azərbaycan ərazilərində minalanma və digər terror fəaliyyəti həyata keçirir.

Milli.Az-ın xəbərinə görə, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan əleyhinə 18 mart tarixli bəyanatına cavabında əksini tapıb.

Qeyd edilib ki, Ermənistanın ilk əvvəl 8 ay ərzində mina xəritələrinin mövcudluğunu inkar etməsinə baxmayaraq, sonradan beynəlxalq təzyiqlər nəticəsində bəzi yararsız mina xəritələri təqdim etdiyi məlumdur: "Azərbaycan ərazisində baş verən mina partlayışlarının 55%-dən çoxunun Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verdiyi də bəllidir. Ermənistanın məhz bu kimi təxribatları nəticəsində 2020-ci il Vətən müharibəsindən sonra 286 nəfər mina qurbanı olub, onlardan 3 nəfər jurnalist daxil 49 nəfər həlak olub. Ermənistanın eyni zamanda, bütün səyləri ilə Üçtərəfli bəyanatı kobudcasına pozaraq, Azərbaycanın qərb bölgələrindən Naxçıvana maneəsiz hərəkəti təmin edəcək kommunikasiya xəttinin açılmasına mane olduğu bəllidir".

Milli.Az