Binanın fasadından qopan daşlar avtomobilə ciddi ziyan vurub - VİDEO

18 Mart 2023 09:58

Bakıda yaşayış binasının fasadından qopan daşlar avtomobilin üzərinə düşüb.

Nəticədə nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Xezerxeber.az məlumat verir ki, hadisə Nərimanov rayonunda yerləşən "Real" MTK-ya məxsus 14 mərtəbli yaşayış binasında baş verib.

Avtomobilin sahibi Səfər Əhmədli iddia edir ki, ərazidə belə hadisələr tez-tez yaşanır. Səfər Əhmədlinin iddiasına görə, hadisə nəticəsində nəqliyyat vasitəsinə 17 min manat ziyan dəyib.

O deyib ki, bununla bağlı sığorta şirkətinə müraciət etsə də, belə hadisələrə görə ödəniş edilmədiyi bildirilib. Avtomobilinin kasko sığortası olmadığı üçün çətin vəziyyətə düşən Səfər Əhmədli təmiri üçün lazım olan vəsaitin MTK tərəfindən ödənilməsini istəyir.

Məsələ ilə bağlı "Real" MTK-nın sözçüsü Ceyran Cəfərli bildirib ki, vətəndaşa ödəniş yalnız məhkəmənin çıxaracağı qərar əsasında edilə bilər.

Ekspertlər deyirlər ki, əgər binanın müvafiq sığortası yoxdursa, vətəndaşa dəyən ziyan MTK rəhbərliyi tərəfindən ödənilməlidir.

Xezerxeber.az mövzu ilə daha ətaraflı videomaterilı təqdim edir:

Milli.Az