Qoxunun insan psixikasına və fiziki vəziyyətinə təsiri qədim dövrlərdən məlumdur. Elə ona görə də hələ qədimdən tibb aləmində bir çox metodlarla yanaşı, özünəməxsusluğu ilə fərqlənən aromaterapiya - qoxu ilə müalicə də xüsusi yer tutur.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, mənbələrə görə, aromaterapiyanın tarixi 6 min il əvvələ gedib çıxır. Qədim misirlilər mumiyalama prosesində müxtəlif bitki cövhərlərindən istifadə edirdilər. Bitki cövhərlərinin müalicə və gözəllik məqsədilə istifadəsi isə Qədim Yunan mədəniyyəti ilə bağlıdır. Roma İmperiyası dövründə bitkilərdən alınan yağlar masaj vasitəsilə tətbiq olunmağa başladı. Müasir aromaterapiyanın banisi isə fransız kimyaçısı Rene Qattefosse hesab olunur.
Aromoterapiyada müalicə məqsədilə müxtəlif efir yağlarından istifadə edilir. Efir yağları - bitki cövhərlərindən (ekstrakt) əmələ gəlir. Bu yağları əldə etmək o qədər də asan deyil. Belə ki, bir çay qaşığı qızılgül yağı əldə etmək üçün 5000 çiçəkdən istifadə edilir. Aromaterapistlər müalicə üçün 400-dək bitkinin yağlarından yararlanırlar.
Efir yağları ilə müalicə insanın sağlamlığına və əhval-ruhiyyəsinə müsbət təsir göstərməklə yanaşı, immuniteti möhkəmləndirir, zehni itiləşdirir. Çünki bu yağların tərkibində 300-ə qədər aktiv maddə var. Bu yağlar insanın dərisi üçün də xeyirlidir. Həmçinin efir yağlarından bir sıra keyfiyyətli kosmetik vasitələrin hazırlanmasında da istifadə olunur.
Aromaterapiya prosedurası mütəxəssis tərəfindən həyata keçirilməlidir. Və ya qabaqcadan həkimlə məsləhətləşərək, heç bir ciddi xəstəliyin olmadığı müəyyənləşdirilməlidir. Ümumiyyətlə, aromaterapiyadan yalnız xəstəliklərin müalicəsi üçün istifadə etmək düzgün deyil. Heç bir xəstəliyi olmayan, sadəcə sağlamlığını qorumaq istəyən hər bir kəs aromaterapiyandan faydalana bilər.
Aromaterapiya metodları
Qoxu ilə müalicə prosesini müxtəlif yollarla həyata keçirmək olar. Bunlardan efir yağları ilə masaj edilməsi çox effektiv üsuldur. Bu zaman istənilən efir yağından 1ml. götürülür və ona 49 ml. digər yağlardan (zeytun, badam və s.) əlavə edilərək, masaj olunur.
Tənəffüs yolu ilə aromaterapiya da geniş yayılıb. İsti suyun içərisinə, bir dəsmalın üzərinə və ya balışa bir neçə damcı efir yağı tökməklə bu müalicəni həyata keçirmək olar. Aromaterapik şamlar və ətirli tüstülərlə də müalicə etmək mümkündür.
Geniş yayılmış üsullardan biri də vanna qəbul edilən suya bir neçə damcı efir yağının qatılmasıdır. Bu zaman vanna edilən suya 8 damcıya qədər efir yağı tökülür.
Hansı xəstəliklərə yaxşı təsir edir?
Bel və kürək ağrıları, revmatizm, dəri ilə bağlı yaranan problemlər, qaşınmalar, ekzema xəstəliyi, menstruasiya ağrıları, klimaks dövründə ortaya çıxan narahatlıqlar, hipertoniya, həzm problemləri, qəbizlik zamanı aromaterapiya xəstələrə yaxşı təsir göstərir. Həmçinin baş gicəllənməsi, baş ağrıları, miqren, stress, gərginlik və yuxusuzluq, enerji azlığı, halsızlıq, psixoloji problemlər olduqda da aromaterapiya məsləhət görülür. Üz dərisini təravətləndirmək, sellülitdən qurtulmaq üçün də qoxu ilə müalicəni həyata keçirmək olar.
Aromaterapiya kimlərə zərərlidir?
Aromaterapiyanın körpələrə, hamilələrə, allergiyası olan insanlara tətbiqi düzgün deyil. Həmçinin dərman müalicəsi alan insanlar aromaterapiyaya üz tutmamalıdırlar. Çünki efir yağları dərmanların təsir gücünü azalda, hətta əks-göstərişə səbəb ola bilər. Hipertoniya xəstəliyindən əziyyət çəkənlər rozmarin bitki ekstraktından istifadə etməməlidirlər. Epilepsiya xəstəliyi olanlar isə şüyüd, evkalipt və kəklikotu ilə müalicə aparmamalıdırlar. Diabetiklər evkalipt, limondan uzaq olmalıdır. Hamiləliyin ilk dörd ayında efir yağları qadağan olsa da, sonrakı aylarda onlar da aromaterapiyadan yararlana bilərlər. Bu üsul onlarda bel ağrılarına kömək edər. Ancaq hamilələrin qərənfil, reyhan, ardıc, rozmarin, sürvə, şüyüd, cirə, sərv, yasəmən, xardal, qara turp, kəklikotu kimi bitki cövhərlərindən istifadəsi məsləhət deyil. Bu yağlar əzələ spazmasına və uşaqsalmaya səbəb ola bilər. Üz dərisində istifadəsi yasaq olan efir yağları isə darçın və qərənfildir. Astma, bronxit kimi xəstəliklərdən əziyyət çəkənlərin tənəffüs yolu ilə aroma müalicə etdirmələri düzgün deyil. Yüksək hərarəti olan insanlarda, dəridə qaşıntı və qızartılar, ödem, açıq yaralar, yanıqlar, oynaqlarda burxulmalar, sınıqlar olduqda, həmçinin xərçəng xəstəliyi zamanı aromaterapiyadan yararlanmaq olmaz.
Aromaterapik yağlar
Efir yağlarının sakitləşdirici, ağrıkəsici, hafizəni gücləndirici, nəfəs tənzimləyici, toxumaları yeniləyici xüsusiyyətləri var. Bənövşə yağından istifadə etmək göz ağrısı, baş ağrısı, dərrakənin itilənməsi, insanın bədən temperaturunun mövsümə uyğun tənzimlənməsi üçün olduqca faydalıdır. Ban yağı isə hind fıstığından istehsal edilən yağdır. Bu yağ dəridə, xüsusən ayaqda olan çatlar üçün xeyirlidir, immuniteti yüksəltmək qüdrətinə malikdir. Küncüd yağı baş ağrılarının aradan qalxmasına kömək edir. Evkalipt sakitləşdirici gücü ilə yanaşı, mikrobları öldürmək və qrip simptomlarını azaltmaq təsirinə malikdir. Bu yağla sinəyə masaj edərək, soyuqdəymənin qarşısını almaq olar. Həmçinin qış mövsümündə havanı qurutmamaq üçün qızdırıcıların yanına qoyulan suya da bir neçə damcı evkalipt əlavə etmək olar. Bu otaqda olan mikrobları öldürməyə kömək edər. Qış aylarında soyuqdəymə və qrip epidemiyalarına qarşı qara istiot, rozmarin, şam ağacı, lavanda, kəklik otu bitkilərindən əldə edilən efir yağları da çox kömək edir.
Milli.Az