Çin şirkətləri Rusiyaya silah və zirehli jiletlər verib - Politico

17 Mart 2023 13:49

Çin şirkətləri Rusiya təşkilatlarına 1000-ə yaxın avtomat, həmçinin hərbi məqsədlər üçün istifadə oluna bilən pilotsuz uçuş aparatları üçün ehtiyat hissələri və zirehli jiletlər göndəriblər.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Politico" ImportGenius aqreqatorunun təqdim etdiyi ticarət və gömrük məlumatlarına istinadən xəbər verir.

Nəşr qeyd edib ki, tədarüklər 2022-ci ilin iyun və dekabr ayları arasında həyata keçirilib. Belə ki, Çinin ən böyük dövlət müdafiə podratçılarından biri olan "China North Industries Group Corporation Limited" keçən iyun ayında "CQ-A" avtomatları göndərib. Amerikanın "M-16" avtomatlarının modelinə uyğun olaraq hazırlanan "CQ-A"lar "Tekhkrim" şirkətinə göndərilib.

Hesab-fakturalarda avtomatlar "mülki ov tüfəngləri" kimi qeyd olunub. "CQ-A" Çinin hərbi polisi, eləcə də Filippin, Cənubi Sudan və Paraqvay ordusu tərəfindən istifadə olunur.

Gömrük məlumatlarına görə, 2022-ci ilin sonunda Rusiya təşkilatları Çindən PUA-lar üçün 12 partiya ehtiyat hissələri, həmçinin 12 ton zirehli jilet alıb.

Milli.Az