"Bu qüsurlu yanaşma aradan qaldırılmalıdır"

17 Mart 2023 16:45

İcbari tibbi sığorta çərçivəsində özəl tibb müəssisələrinə göndərişin verilməsi qaydası qüsurludur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı deyib.

M.Quliyev bildirib ki, hazırda şəxs müayinə və müalicə üçün icbari tibbi sığorta hesabına özəl klinikaya yalnız həmin xidmətlər müvafiq dövlət tibb müəssisəsində olmadığı halda və dövlət klinikasının göndərişi əsasında müraciət edə bilər ki, bu da vətəndaşın tibb müəssisəni və həkimi seçmək hüququnun pozulması olmaqla yanaşı, özəl klinikaları dövlət klinikalarından asılı vəziyyətə salır.

"Bizə çatan məlumatlara görə, bəzi hallarda inhisarlaşmaya, süni bürokratik əngəllərə və rüşvətxorluğa da yol açır. Fikrimcə, bu qüsurlu yanaşma aradan qaldırılmalı, klinikalar arasında sağlam rəqabət şəraiti yaradılmalı, göndəriş sistemi ləğv olunaraq sığortalı vətəndaşlarımıza klinikanı və həkimi sərbəst seçmək imkanı verilməlidir", - deyə M.Quliyev vurğulayıb.

Milli.Az