EKVITA-nın icraçısı olduğu Sahibkarlığın İnkişafı Proqramı layihəsinin hesabat təqdimatı keçirilib - FOTO

16 Mart 2023 17:18

Bakı KOB Evində 13 Mart 2023-cü ildə BP şirkəti və tərəfdaşlarının maliyyələşdirdiyi Sahibkarlığın İnkişafı Proqramı layihəsinin yekun hesabatının təqdimatı keçirilmişdir.

Tədbirdə açılış sözü ilə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək BP ilə əməkdaşlıq çərçivəsində reallaşacaq layihələrin regionlarda yerli icmaların gəlirlilik səviyyəsinin artmasına müsbət təsir göstərəcəyini, yeni bizneslərin yaranmasını və özünüməşğulluğa töhfə verəcəyini vurğulamışdır.

Tədbirdə çıxış edən BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Sahibkarlığın İnkişafı Proqramı layihəsinin yerli müəssisələrin potensialının artırılması üçün çalışan bütün maraqlı tərəfləri bir araya toplamaqda uğurlu olmağını vurğulamışdır. Eyni zamanda bu layihəni 2016-ci ildən icra edən "Ekvita" şirkətinin layihənin uğurlu olmasında xüsusi rolu qeyd olunmuşdur.

Tədbirdə "Ekvita" şirkətinin partnyoru Fərid Baxşıyev çıxışında "Sahibkarlığın İnkişafına Proqramı" layihəsi çərçivəsində "Ekvita" şirkəti tərəfindən 2016-2022-ci illərdə görülmüş işlər barədə ətraflı hesabat vermişdir və layihənin icrasına dəstəyin göstərilməsində BP şirkəti və onun tərəfdaşlarına "Ekvita" şirkəti adından minnətdarlığını bildirmişdir.

Tədbirin sonunda Azərbaycandakı tərəfdaşları adından yerli biznesin inkişafını dəstəkləmək yönündə əməkdaşlığı davam etdirmək üçün BP şirkəti ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında yeni anlaşma memorandumu imzalanmışdır.

Milli.Az