Biz birinci yerə köklənmişdik - Akrobatika gimnastikası üzrə Dünya Kubokunun qalibləri

16 Mart 2023 14:06

Biz Portuqaliyanın Maya şəhərində keçirilən Akrobatika gimnastikası üzrə Dünya Kubokunda birinci yerə köklənmişdik və bizdə hər şey alındı.

Bu barədə Trend-ə qarışıq cütlük olaraq çıxış edən azərbaycanlı idmançılar Ağasif Rəhimov və Raziyə Seyidli deyiblər.

10-12 mart tarixlərində keçirilən Akrobatika gimnastikası üzrə Dünya Kubokunda Ağasif Rəhimov və Raziyə Seyidli kombinə olunmuş hərəkətlər proqramında qızıl medal qazanıblar.

"Dünya Kubokunda rəqiblərimiz güclü idilər və yaxşı hazırlaşmışdılar. Hər biri özünün ən yaxşı proqramını nümayiş etdirməyə çalışırdı. Yarışlarda əsas rəqiblərimiz İsrail təmsilçiləri idi. Biz məşqlərdə birinci yerə köklənmişdik və bizdə hər şey alındı. Hər kəs mükafat üçün mübarizə aparır, lakin yarışların gedişatını öncədən görmək mümkün deyil, bəzən ən güclü idmançı da səhv edə bilər, yaxud zəif hesab etdiyin rəqib qabağa çıxa bilər", - Raziyə Seyidli deyib.

Ağasif Rəhimov isə Portuqaliyada keçirilən Dünya Kubokunun onlar üçün bu mövsümün ilk başlanğıcı olduğunu vurğulayıb.

"Bu bizim hazırki mövsümdə ilk yarışlarımız idi. Biz səhvsiz çıxış etməyə, mürəkkəb elementlər nümayiş etdirməyə çalışırıq, əlbəttə ki, artistlik haqqında da unutmuruq. İsraildən olan gimnastlar bizim təlim-məşq toplantılarımızda olublar və taktikamızı, necə məşq etdiyimizi, hazırlaşdığımızı bilirdilər, buna görə də onları öz proqramımızla təəccübləndirməyə qərar verdik. Biz Dünya Kubokunda elementlərin mürəkkəbliyinə görə yüksək bal aldıq. Qələbəmizə sözsüz, şadıq, Azərbaycanın himni səslənəndə insan izaholunmaz hisslər keçirir və qürur duyur", - Rəhimov deyib.

Gimnastlar qarşıda onları Dünya Kubokunun Belçika mərhələsinin gözlədiyini və orada da eyni proqramla çıxış edəcəklərini və ola bilsin ki, bəzi elementlərə dəyişikliklər edəcəklərini əlavə ediblər.

Hazırda Ağasif Rəhimov və Raziyə Seyidli 14-16 mart tarixləri arasında Milli Gimnastika Arenasında keçirilən akrobati̇ka gi̇mnasti̇kası üzrə 28-ci̇ Azərbaycan bi̇ri̇nci̇li̇yi̇ və Bakı çempi̇onatında iştirak edirlər. İdmançılar yarışlarda onlara Portuqaliyadakı Dünya Kubokunda qızıl medal qazandıran proqramla çıxış edirlər.

Milli.Az