“20 il bir yerdə yaşadığın insan illər sonra naxələf çıxır” - Mətanət

16 Mart 2023 13:34

"İnsan bilmir ki, bir saniyədən sonra başına nə gələcək. O anı yaşamaq lazımdır. Xoşbəxt anlar olub həyatımda. O anı yaşamışam həmişə. Allaha gecə-gündüz yalvarıram ki, məni şərdən, xəta-bəladan uzaq etsin. O vaxt böyüklərimiz deyirdilər ki, şər, böhtan pis şeydir. İnanın ki, bunu dərk etmirdim. "Başına gələn başmaqçı olar" deyib atalarımız. Adam insanları tanımır. Bir də görürsən ki, 20 ilə yaxındır bir insanla dostluq edirsən, yaxın olursan, 20 ildən sonra naxələf çıxır".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Mətanət İsgəndərli deyib.

"Kiminsə xoşbəxtliyini görəndə sevinirəm, bədbəxtliyi məni depressiyaya sürükləyir. Başqasının dərdini öz dərdim bilirəm. Adam var ki, yanında yerə yıxıl, heç sənə əlini verməz ki, yuxarı qaldırsın. İnsan var, dərdini danışırsan, deyir, danışma, qanım qaralır. İnsan dərdini insana danışar da. Uşaqlıqdan xasiyyətim belədir. Hər şeyi qəlbən, dərindən yaşayıram. Öz kiçik dünyam var" deyə müğənni bildirib.

Əməkdar artist həyatının ən çətin günündən də danışıb.

"Həyatımın ən ağır günü 19 gün Moskvada reanimasiyada qaldığım gün olub. Ciyərlərim 80 faiz şüşələşmişdi. Heç kimin ümidi yox idi ki, mən sağ qalaram. 10 gün heç özümdə olmamışam. Sağ qalmağım möcüzə idi. O çətin günlərdən sonra Allaha daha çox bağlandım. Qərib ölkədə idim. Bacım əllərimdən tutub gəzdirirdi. Yollar bağlı idi, o da çətinliklə Moskvaya gəldi. Bu dünyada gərək heç nəyin dərdini çəkməyəsən. Canın sağ olmayandan sonra, insana heç nə qalmır" deyə əməkdar artist bildirib.

Müğənni bildirib ki, yenidən plastik əməliyyata müraciət edəcək.

"Əvvəlki Mətanəti geri qaytarmışam. Gözümün düşməni kök adamlardır. Deyir, ilanın yarpızdan zəhləsi gedir, o da düz yanında bitir. Heç gözləməzdim ki, bu qədər çəki alaram. Hələ dəyişməyə davam edəcəm. O qədər özümü rahat, yüngül hiss edirəm ki. Kök olanda efirlərə çıxmaqdan da imtina edirdim. Çünki kompleks yaşayırdım. 107 kilo insan olar?! Daha çox dəyişikliklər baş verəcək. Plastik əməliyyatlar da etdirəcəm. Səhnə gözəllik tələb edir. Nəinki müğənnilər, aktrisalar bu gün evdar qadınlar da plastik əməliyyat etdirirlər" deyə müğənni bildirib.

Müğənni mətbəxlə arasının əla olduğunu, lakin işlərinin çoxluğu ilə bağlı vaxt ayıra bilmədiyini deyib.

"Bəzən deyirlər ki, müğənnilər evdə iş görmürlər. Müğənni yazıqlar həm evdə işləsinlər, həm də çöldə?! Elə yorğun gəlirik ki. Bir də axı vaxt olmur. Bütün ev işlərini bilirəm, mürəbbələr bişirmişəm, şorabalar tutmuşam, amma vaxtım yoxdur. Bişirsəm hamısından da yaxşı bişirərəm" deyə sənətçi bildirib.

Milli.Az