Paris iğtişaşları: Dəyənəklə döyülənlər, yerlə sürütlənənlər

16 Mart 2023 13:01

Parisdə pensiya islahatına qarşı ilin əvvəlindən bu yana sayca səkkizinci nümayiş keçirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu dəfə də etirazçılar polislə toqquşublar.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə ediblər.

Fransa paytaxtının cənubundakı Monparnas bulvarında atışmalar baş verib. Təcavüzkar nümayişçilər polisə şüşə və daş atıb, mağaza və ofislərin şüşələrini sındırıb, xüsusən də dövlət məşğulluq xidmətinin şöbəsinə ziyan dəyib. Xuliqanlar reklam lövhələrini sındırıb, zibil qutularını yandırıblar.

Aksiyada iştirak edən qadınlardan biri yaralanıb, həkimlər ona kömək ediblər.

Həmkarlar ittifaqları tərəfindən təşkil edilən etiraz yürüşü Əlillər meydanında başlayıb və Parisin cənubundakı İtaliya meydanında başa çatıb. Aksiya zamanı avtomobillərin və yerüstü ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Qeyd edək ki, pensiya sistemində islahat layihəsi yanvarın ortalarında Fransanın baş naziri Elizabet Born tərəfindən təqdim edilib. Bu, pensiya yaşının 64 yaşa qədər artırılması ilə yanaşı, minimum pensiyanın 1,2 min avroya qədər artırılmasını və bir sıra xüsusi pensiya rejimlərinin ləğvini nəzərdə tutur.

Senat (parlamentin yuxarı palatası) martın 11-də pensiya islahatı layihəsini təsdiqləyib. Qanun layihəsinin son variantı Milli Assambleyanın (aşağı palata) yeddi deputatı və yeddi senatordan ibarət birgə komissiyası tərəfindən razılaşdırılmalıdır.

Milli.Az