Türk iş adamı ispan klubunu alır

14 May 2010 18:07
Maliyyə problemləri ilə üzləşən İspaniyanın "Malyorka" klubu satışa çıxarılıb.

Fanat.az xəbər verir ki, bu mövsüm La Liqada Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan və hazırda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşan komandanı türk iş adamı almaq istəyir.

Belə ki, "Fənərbaxça" və Türkiyə Futbol Federasiyasının keçmiş rəsmisi Tahir Kıran dünya futboluna bir çox ulduz futbolçu bəxş etmiş klubu almaqda maraqlıdır. Kıran gələn həftə İspaniyaya yollanaraq, "Malyorka"nın maliyyə sənədləri ilə tanış olacaq, klubun xərcləri barədə məlumat alacaq. Sərfəli bir vəziyyətlə qarşılaşacağı halda türk iş adamı ispan klubunu satın almaq üçün işə başlayacaq.

Qeyd edək ki, Tahir Kıran Türkiyənin ən böyük dəniz limanlarından birinin sahibidir və "Kıran Holdinq"in İdarə Heyətinin üzvüdür. Türkiyə onu "Fənərbaxça" və TFF-dəki işi ilə tanıyır. İstanbul klubunda infrastruktur sahəsi üzrə 2-ci başqan, İnfrastruktur işləri üzrə Komitənin başçısı işləyən Kıran TFF-də Haluk Ulusoyun yardımçısı vəzifəsini tutub. "Fənərbaxça"dan Əziz Yıldırıma qarşı çıxdığı üçün kənarlaşdırılıb.

/Fanat.az/