"Anar mənim bu filmə çəkilməyimi istəmirdi” - VİDEO

15 Mart 2023 17:54

"Məni bir çox ekran əsərlərinə çəkilməyə dəvət edirlər. Düzdür, bu, tez-tez olmur. Elə başa düşürlər ki, mən birdəfəlik Moskvaya köçmüşəm və Azərbaycanda yoxam. Səhvdir! Kinoya gəlincə isə çəkilməyə hər an hazıram. Əgər kimsə məni filmə çəlmək istəsə sadəcə zəng edib, desə ki, Leyla xanım sizi çəkilmək üçün bu filmə dəvət edirik, həmin an təyyarəyə minib uçaram Bakıya".

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Leyla Şıxlinskaya "ATV səhər" verilişinə müsahibəsində deyib.

Aktrisa filmlərə çəkilməməsinin səbəbini yaxşı ssenarinin olmaması ilə ələqələndirib: 

"Mənim başqa məşğuliyyətim yoxdur. Sərbəst insanam. Sadəcə yaxşı ssenari yoxdur. Soruşanda ki, niyə yoxdur, deyirlər ki Leyla xanım ssenarini sifariş etmək lazımdır. Bunlar da hamısı puldur. Hər şeyi maddiyyata bağlayırlar. Düşünmürəm ki, Anar müəllim, Arif Babayev, Rasim İsmayılov "Gün keçdi" kimi belə bir filmi çəkəndə dedikləri qədər çox sayda pul lazım olub.

Yalnız onu deyə bilərəm ki, "Gün keçdi", "Dədə Qorqud", "Arşın mal alan" kimi filmlərdən sonra gedib, zəif filmlərə çəkilməyə mənim haqqım yoxdur. Maraqlı süjet və ssenari olsa, böyük məmnuniyyətlə çəkilmək istərdim.

Leyla Şıxlinskayanın sözlərinə görə, "Gün keçdi" filmində ondan əvvəl Xalq artisti Şəfiqə Məmmədova çəkilməli idi. Lakin...

"Orada bir səhnə çəkilməli idi. 10-cu sinif şagirdi dikdaban ayaqqabıda "Klas-klas" oynamalı idi. O səhnə isə alınmadı. Şəfiqə xanım əlbəttə ki, gözəgəlimli, çəkici xanım idi. Amma 10-cu sinif şaqirdi roluna uyğun gəlmirdi. Hər halda mən belə düşünürəm. Anar isə mənim bu filmə çəkilməyimi istəmirdi. Mən onu başa düşürəm.

Bu filmə qədər mən yalnız "Arşın mal alan" filminə çəkilmişdim. O da sakit bir qız rolu idi. Amma əsas odur ki, o film çəkildi qutardı və hətta Anar üzr istədi.

Dedi ki, Leyla, bağışla. Mən tərəddüd etdim, amma sağ ol ki, belə bir film alındı.

Yaşım az idi, bəlkə ona görə də belə təbii alındı. Çünki mən orada özümü, sadəcə özümü oynayırdım. Həyatda necə idimsə, filmdə də elə...".

Milli.Az