Sumqayıt Dövlət Dram Teatrı 55-ilini qeyd edir - FOTO

15 Mart 2023 15:22

1968-ci ildən fəaliyyətə başlayan Sumqayıt Dövlət Dram Teatrı şərəfli, zəngin bir yol keçib. Yetərincə potensiala malik truppa ayrı-ayrı illərdə beynəlxalq festivallardan mükafatla qayıdıb. 55 ildir ki, Azərbaycan və dünya dramaturgiyasının inciləri bu teatrın səhnəsindən tamaşaçılara çatdırılır, onların bədii- estetik zövqlərinin formalaşmasına, maariflənməsinə və asudə vaxtlarının səmərəliliyinə xidmət göstərir. Kollektivin ilk tamaşası "Müsyo Jordan və Dərviş Məstəli Şah" əsəri olub. Cənnət Səlimova Axundzadə təfəkkürünü xalq ruhunda təqdim edib. Professor İlham Rəhimlinin təbirincə desək, "tamaşa müəyyən mənada meydan teatrının estetikası və poetika göstəriciləri əsasında hazırlanmışdı. Aktyorlar şən və məzəli məsxərə təqdim edirdilər".

55 ildən sonra yenə də Müsyo Jordanla qoca Dərviş Sumqayıt teatrının səhnəsindən tamaşaçıları salamladılar. Bu dəfə isə onları teatrın baş rejissoru, Xalq artisti, Prezident mükafatçısı, "Qızıl Dərviş" mükafatı laureatı Firudin Məhərrəmov idarə edirdi.

Xalq artistinin traktovkasında sözün, musiqinin və mizanların uğurlu vəhdəti alınıb.

Yubiley tamaşasından öncə teatrın rəhbərliyi və qonaqlar çıxış edib. Çıxışlarda dövlətin mədəniyyət siyasətində teatrın prioritet istiqamət tutduğu qürurla vurğulanıb. Sumqayıt Dövlət Dram Teatrının uğurları sadalanıb. "Müsyö Jordan və dərviş Məstəli şah" tamaşası alqışlarla qarşılanıb.

Tamaşadan sonra Sumqayıt Dövlət Dram Teatrının 55 illiyi münasibətilə Azərbaycan Teatr Xadimləri İttifaqının fəxri fərmanları Əməkdar artistlər Vidadi Məmmədov, Fəranə Musayeva, aktyorlar Dağlar Rüstəmov və İlham Səfərliyə təqdim olunub.

Milli.Az