"Oskar" qalibi kişi rejissorun seksual təcavüzünə məruz qaldı, ailəsi məhv oldu - FOTO

17 Mart 2023 22:08

Məşhur Hollivud ulduzu Brendan Freyzer martın 13-də baş tutmuş "Oskar" mükafatlarının təqdimatı mərasimində  "Ən yaxşı aktyor" nominasiyasında nüfuzlu mükafata layiq görüldü. Onun baş rolda oynadığı "Kit" filmi də qaliblər sırasındaydı.

Milli.Az lent.az-a istinadən Hollivud ulduzu Brendan Freyzerin haqqında yazı təqdim edir.

O, mükafatı alarkən göz yaşlarını saxlaya bilmədi. Çünki, Freyzerin "Oskar"a aparan yolu asan olmayıb. Onun karyerası 1990-cı illərdə başlayıb. Yaraşıqlı və xoş təbəssümlü gənc Brendan tamaşaçıların rəğbətini elə ilk rolu ilə qazana bildi. 1995-ci ildən populyarlığı artan Brendan çox çəkildiyi komediya filmlərini bir kənara qoyub, döyüş filmlərinə və daha ciddi rollara üz tutdu. "Mumiya" filminə çəkilməklə, Hollivudun ən çox qonorar alan aktyorları siyahısına düşdü. Həmin film üçün aktyora 45 milyon dollar qonorar ödənmişdi.

2010-cu ildən etibarən o, ekranlarda az-az görünməyə başladı. Kökəlib depresasiyaya düşən aktyor ikinci dərəcəli rollara dəvət alırdı. O insanlardan qaçır, cəmiyyət içinə az-az çıxırdı. 2018-ci ildə verdiyi bir müsahibədə Freyzer bildirdi ki,  2003-cü ildə seksual zorakılığın qurbanı olub və bu insident onun psixikasına çox pis təsir edib.

Ona təcavüz edən Hollivudun çox nüfuzlu simalarından biri, kinorejissor Harvi Vaynşetyn olmuşdu. Maraqlıdır ki, həmin günlərdə rejissorun bir neçə tanınmış aktrisanı zorlaması barədə xəbərlər də yayılmışdı.

Brendan verdiyi müsahibədə həmin hadisə barədə belə deyib: "Onunla  görüşəndə əl uzatdım. Harvi əlimi sıxıb buraxmadı, digər əliylə mənim arxama şapalaq vurub, çimdiklədi və gözlərimə baxaraq həyasızlıqla gülümsündü. Bu mənə həddən artıq pis təsir etdi, özümü uşaq kimi gücsüz hiss etdim. Qəhərlənmişdim, ağlamağım gəlirdi. Bu hadisədən sonra filmə çəkilməyi rədd etdim. Harvi isə bütün qapıları üzümə bağladı. Mən daha heç bir təqdimat mərasiminə, filmə dəvət almadım. Mənə gələn bütün təkliflər birdən-birə geri çəkilir, heç kim mənimlə işləmək istəmirdi. Bu məni depressiyaya saldı".

Harvi Vaynşteyn deyilənləri isə təkzib etməyərək, Brendanla sadəcə zarafat etdiyini söyləyib.

Brendanın ekrana qayıtması üçün Amerikada petissiya təşkil olunmuş və 11 milyon insan ona səs vermişdi. Brendan aktrisa Efton Smit ilə evli idi. Bu nikahdan 3 oğlu doğulmuşdu. Aktyorun keçirdiyi psixoloji gərginlik ailəsinə də təsir etdi və onlar boşanmalı oldular. İldə 900 000 dollar aliment vermək onu maddi cəhətdən tükəndirdi, o məhkəməyə müraciət edib, alimentin azaldılmasını tələb edəndə keçmiş arvadı qalmaqal törətdi. Brendansa həqiqətən kasıblamışdı. Bax beləcə, ulduz kölgəyə çəkilib, abrını qorumalı oldu.

Bəs o indi nə edir?

Aktyor Nyu-York yaxınlığında yerləşən fermada yaşayır. 3 oğlu anası ilə yaşasa da tez- tez onun yanına gəlirlər. Böyük oğlunu xüsusilə sevir və qayğı göstərir. Çünki onun psixi problemləri var və qayğıya möhtacdır. 55 yaşlı aktyor ikinci dəfə evlənməyib. Xalqın ona rəğbətini görən Hollivud rejissorları film təklifləri etməyə başlayıblar. Brendan son 3 ildə 2 böyük büdcəli filmdə çəkilib.

"Oskar" mükafatı onu yenidən sənətə, yaradıcıla ruhlandırıb. Brendan Freyzerin ulduzu yenidən parlayır.

Milli.Az