İslamofobiya siyasi əqidənin bir hissəsidir - Pakistanlı ekspert

15 Mart 2023 12:06

İslamofobiya cəhalətin nəticəsi deyil, siyasi əqidənin bir hissəsidir?

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Pakistan Müsəlman İnstitutu Düşüncə Mərkəzinin sədri Sultan Əhməd Sahibzadə "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda panel iclasında çıxışında deyib.

Müzakirələr zamanı pakistanlı ekspert islamofobiyanın təkcə Quranın yandırılması kimi açıq-aşkar təzahür etmədiyini bildirərək əlavə edib ki, bu həm də gündəlik həyatda müsəlmanların hüquqlarının boğulmasında da əks olunur və bunu da gözardı etmək olmaz.

Ekspertin sözlərinə görə, bu dini inanclarla deyil, ölkənin apardığı siyasətlə əlaqəlidir.

"İslamofobiya ilə bütün səviyyələrdə mübarizə aparmaq üçün o daha dərindən öyrənilməlidir", - Sahibzadə deyib.

Xatırladaq ki, martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda beynəlxalq konfrans keçirilir. Konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Konfransda 32 ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir, islamofobiya ilə mübarizədə fərqli yanaşma, Avropanın bəzi ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparırlar.

Qeyd edək ki, 15 mart tarixinin İslamofobiya ilə Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan edilib. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.

Milli.Az