İsveç və Fransada islamofobiyanın təzahürləri artmaqdadır - Ombudsman Aparatının rəhbəri

15 Mart 2023 10:27

Müsəlmanlara qarşı şifahi və fiziki təhdidlər ifadə olunur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə bu gün Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri, İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Haqları Komissiyasının üzvü Aydın Səfixanlı "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda beynəlxalq konfransda panel iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, bəzi elit cəmiyyətlərdə islamofobiyanın təzahürləri müşahidə edilir.

"Bu məqsədli şəkildə aparılır. İsveç və Fransada islamofobiyanın təzahürləri artmaqdadır. Ayrı-seçkiliyin qurbanları Fransa siyasətinin qurbanlarına çevrilib. Bütün bunlar ifadə azadlığı pərdəsi altında həyata keçirilir, lakin bu qəbuledilməzdir.

Ermənistan tərəfindən də işğal zamanı kütləvi şəkildə müsəlman abidələrinin dağıdılması müşahidə edilib. Bunlar elə məsələlərdir ki, heç bir zaman unutmamalıyıq və əlimizdən gələni etməliyik ki, bu kimi hallar bir daha təkrarlanmasın", - deyə o əlavə edib.

Xatırladaq ki, martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda beynəlxalq konfrans keçirilir. Konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Konfransda 32 ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir, islamofobiya ilə mübarizədə fərqli yanaşma, Avropanın bəzi ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparırlar.

Qeyd edək ki, 15 mart tarixinin İslamofobiya ilə Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan edilib. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.

Milli.Az