"Ramiz Mehdiyevə müraciət etdim ki, qanunsuzluqlara əncam çəksin, sağ olsun, belə “əncam” çəkdi”

15 Mart 2023 17:52

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşları - tarixçi alim Səhuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

İttihamda göstərilib ki, təqsirləndirilən şəxslər Qarabağda tədqiqat aparılması məqsədilə ayrılmış 92 min 700 manat vəsaiti qanunsuz olaraq mənimsəyərək dövlətin qanunla qorunan mənafeyinə ziyan vurublar.

Qeyd olunub ki, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı Səbuhi Hüseynova bu işlərdə həyat yoldaşı Gülüstan İsayevaya köməklik göstərib. Belə ki, onlar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığına yol veriblər.

Buna görə təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxslər verilmiş ittihamlarla bağlı özlərini təqsirli bilməyiblər.

Bundan sonra Səbuhi Hüseynov sərbəst ifadə verib. Səbuhi Hüseynov deyib ki, 2011-ci ildən sözügedən institutda işləməyə başlayıb. 2019-cu ildən isə Qarabağ zonasında ekspedisiyalara göndərilib. Təqsirləndirilən şəxs qeyd edib ki, ərazilərdə ekspedisiyaların aparılacağı ilə bağlı bir il əvvəldən fərdi plan hazırlanıb, həmin plan müzakirə olunduqdan sonra İnstitutun direktoru Maisə Rəhimovaya təqdim olunub: "Maisə Rəhimova müəyyən edirdi ki, kimlər ekspedisiyaya getməlidirlər. Sonra vəkalət verilməsi üçün Mədəniyyət Nazirliyinə müraciət olunurdu. Bu isə o deməkdir ki, bununla nazirlik də işə qarışırdı. Bundan sonra təyinatı üzrə yola düşürdük. Hər ekspedisiyaya görə isə mənə 1200 manat pul verilirdi".

Tarixçi alim ifadəsinin davamında cinayət məsuliyyətinə cəlb olunmasından danışıb.

Səbuhi Hüseynov deyib ki, İnstitut rəhbəri Maisə Rəhimovanın qanunsuzluqları ilə ilk dəfə 2019-cu ildə - ilk ekspedisiyaya hazırlaşarkən şahid olub. Təqsirləndirilən şəxsin dediyinə görə, Maisə Rəhimova onunla birlikdə gedəcək şəxslərin adına sənədləşmə aparılmasını, ayrılacaq vəsaitin isə 30 faizinin ona, 20 faizlik hissənin isə mühasibatlığa çatdırılmasını istədiyini deyib:

"Mən buna etiraz etdim, dedim ki, həmin pullar işçilərə çatmalıdır. Bundan sonra münasibətlərimiz pisləşdi. Sonradan Mədəniyyət Nazirliyinə məruzə edib ki, guya mən hesabat verməmişəm. Bundan sonra dəfələrlə institutda hökm sürən qanunsuzluqlar barədə müxtəlif yerlərə müraciətlər etdim. Həmin müraciətlərin edilməsində həyat yoldaşım da iştirak etdiyi üçün onu da yeyintidə ittiham edirlər.

İnstitutdakı qanunsuzluqlara əncam çəkməsi üçün Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevə də müraciət etdim. Sağ olsun, o, da belə "əncam" çəkdi".

Məhkəməyə sədrlik edən hakim adı ekspedisiyada olan şəxslərin həmin vaxt xarici ölkədə istirahətdə olmaları ilə bağlı sual verib.

Hakim deyib ki, Dövlət Sərhəd Xidmətinə göndərilən sorğuya verilən cavaba görə, ekspedisiyada olan şəxslər eyni vaxtda Almaniyada və İtaliyada istirahətdə olublar: "Amma sənədlərdən görünür ki, həmin şəxslər eyni vaxtda ekspedisiya işlərində iştirak ediblər. Bütün bu məsələlər araşdırılmalıdır".

Təqsirləndirilən şəxsin vəkili deyib ki, bu məsələnin araşdırılması üçün işin istintaqa qaytarılması barədə vəsatət versələr də, bu qəbul edilməyib.

"Bəlkə prokuror Cinayət Prosessual Məcəlləsinin 318-ci maddəsinə əsasən, işin istintaqa qaytarılması barədə çıxış edəcək", deyə hakim ona cavab verib.

Növbəti proses martın 29-na təyin edilib.

Qeyd edək ki, Səbubi Hüseynov Azərbaycan Milli Elmlər Alademiyasında elmi işçi, həyat yoldaşı Gülüstan İbadova isə kadrlar şöbəsinin müdiri olub.

Milli.Az