Gözdəymə daha ağır xəstəliklərə yol aça bilər
27 Aprel 2012 20:44
"Ekspress" qəzeti yazır ki, bəd nəzər, gözdəymə inancına çox adam inanır. Bunun üçün çox zaman insanlar üzərilərində gözmuncuğu və ya müxtəlif göy daşlar gəzdirirlər. Deyirlər, "göz insanı məzara, dəvəni qazana aparar".
Bioenergetik Rafiq Cərullayevin sözlərinə görə, əslində nəzər insanın göz bəbəyinin şüalandırılmasının pozulması ilə bağlıdır. İndi çox adamlarda bədnəzər yetirmək xüsusiyyəti var. "Nəzər kiminsə gözündən çıxan kəsici, deşici şüadan yox, insanların bir-birinə baxarkən keçirdiyi hisslərdən asılıdır. Kənar şəxsin mənfi hisslərlə dolu baxışına tuş gəlmək nəzərə gəlməyə səbəb olur".
R.Cərullayev deyir ki, paxıllıq, kin, həsəd və nifrət dolu baxışlar insanın bioloji sahəsində, yəni aurasında deşik əmələ gətirir. Buna energetik çökək deyirlər. Onun sözlərinə görə, əgər çakra hissədə energetik çökək yaranıbsa, əks tərəfdə qabardılmış biosahə yaranır ki, bu hala da mistik təsəvvürlərdə dəlik deyirlər. Bir çox xəstəliklər var ki, göz-nəzərdən əmələ gəlir. Qəflətən arıqlama, solğun gözlər, çox tərləmə, güclü ürək döyüntüləri, qəbizlik, halsızlıq, yersiz qorxular, yuxuda sayıqlama, həkimə inanmama və s. halları göstərmək olar. Bioenergetikin sözlərinə görə, insanlar göz-nəzər dəyən zaman mütəxəssislərə deyil, molla, nəzərçi yanına qaçırlar. "Göz-nəzərə gələn insanlarda enerji zamanında neytrallaşmasa, bu, daha ağır xəstəliklərin yaranmasına səbəb ola bilər".
R.Cərullayevin fikrincə, insanların mollalardan, nəzərçilərdən aldığı sağlamlıq birbaşa inama bağlıdır. "Bəzən biri ilə söhbət zamanı üzərinizə hər hansı bir ağırlığın çökdüyünü hiss edirsiniz. Bu zaman çalışmaq lazımdır ki, söhbətdən yayınasınız. Çalışın ki, durub bir az gəzəsiniz. Belə etməklə siz, sizə qarşı yönəlmiş mənfi enerjini geri qaytarmış olursunuz".
Bəzən insanın özünə, öz övladına da gözü dəyə bilir. Xudbin, özündən razı, başqalarını bəyənməyən insanlar çox zaman öz nəzərlərinə gəlirlər. Yəni, insanın daxilindəki mənfi enerji öz aurasına təsir göstərir.
Həmsöhbətimizin dediyinə görə, uşaqların biosahəsi-aurası neqativ enerjidən az qorunduğu üçün onlara göz daha çox dəyir. Bu zaman uşaqlarda yuxusuzluq, iştahsızlıq, halsızlıq, davamlı ağlama müşahidə edilir. Göz dəyən uşaqlar əsəbi olmaqla yanaşı onlarda müxtəlif xəstəliklərin əlaməti də özünü büruzə edir. Gözəgəlmiş uşaqlarda qızdırma, başağrısı, arıqlama, gözlərin altında qaralmalar özünü göstərir.
Bədnəzərdən qorunmaq üçün insanlar ta qədim zamanlardan bu günə kimi müxtəlif əşyalardan istifadə ediblər. Bəd nəzərin qarşısını almaq üçün də böyük inama sahib olmaq lazımdır. İnsanın daxilində olan inam hər bir hissi idarə etməyə qadirdir. "Üzərlik, nal, gözmuncuğu gözün qarşısını almır. Sadəcə olaraq, bu əşyalara olan inam hissi insanı gözdən qoruyur. İnsan bu əşyaların onu qoruyacağını düşündüyü üçün onun bədəni hər zaman neqativ enerjiyə qarşı hazır olur. Belə insanların aurasını mənfi enerji yarıb keçə bilmir".
İlahiyyatçı Növrəstə İbrahimovanın sözlərinə görə, gözmuncuğu, nal və gözə-bədnəzərə qarşı nəzərdə tutlmuş bütün əşylar dinimizə ziddir. "İnsan əlinin yaratdığı hər hansı bir əşya insanı bədnəzərdən qoruya bilməz. Gözdəymə haqdır. Əgər insanın alın yazısının qarşısını alan nə isə olsaydı, gözdəymə onu da keçərdi. Yəni gözdəyməni heç kəs inkar etmir. Amma bunun qarşısını hər hansı əşyalarla almaq düzgün deyil. Bu, Allaha şərik qoşmaq kimi qəbul edilir. İnsan əgər xəstələnirsə, ilk növbədə həkimə müraciət etməlidir. Əgər xəstəlik cismani deyilsə, bu zaman Qurani Kərimdə olan dualarla insanı sağaltmaq olar".
İlahiyyatçı hesab edir ki, dua insanın üzərində gəzdirilməməlidir. "Dua oxumaq üçündür. Bəzən görürük ki, insanlar boyunlarında dua gəzdirirlər, maşınlarından dua, Quran asırlar. Bu, İslam dinində qəbul edilmir. Dua, Quran oxumaq üçündür, asmaq üçün deyil".
Milli.Az