Məşədi Dadaş məscidinə rəsmi din xadimi təyin olunmayıb

10 Mart 2023 17:47

Son iki gündə bəzi KİV-lərdə və sosial şəbəkələrdə Bakı şəhəri Nəsimi rayonu "Məşədi Dadaş" məscidinə din xadiminin təyin olunması barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən sözügedən məscidə rəsmi din xadimi təyin olunmayıb.

Bu barədə Komitədən bildirilib.

"Xatırlatmaq istəyirik ki, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Dövlət Komitəsi Kollegiyasının 2022-ci il 22 aprel tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası" normativ aktı mövcuddur. Bu Qaydaya əsasən Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün mütəmadi olaraq müsahibələr təşkil edilir. Sözügedən məscidə də rəsmi din xadiminin təyin olunması məhz bu Qayda əsasında həyata keçiriləcək" - məlumatda deyilir.

Milli.Az