İran Hacı Şahinin məzarından da ƏL ÇƏKMİR - Molla rejiminə RƏVAC VERMƏYƏK...

7 Mart 2023 14:19

Məşhur ilahiyyatçı alim Hacı Şahin Həsənlinin günlər öncə ürəktutmadan qəfil dünyasını dəyişməsi ölkədə şok effekti yaratdı. Bu ölüm uşaqdan-böyüyə, papaqçıdan-musiqiçiyə, ateistdən-xristiana kimi hər kəsi dərindən sarsıtdı. 

Milyonlarla insan doğma adamını itiribmiş sanki, bu yoxluqla hələ də barışa bilmir. Hacı Şahin müstəqillik tariximizdə bütün parametrləri ilə hər kəsin hörmət etdiyi və ya hörmət etməyə məcbur olduğu yeganə din xadimi idi. 

Azərbaycan xalqı özünün ən ləyaqətli və ən şərəfli övladlarından birini itirdi desək yanılmarıq. İstisna etmirəm ki, onun ölümü ölkədə dərin bir ideoloji boşluğun yaranmasına səbəb ola bilər.

44 günlük Vətən müharibəsindən əvvəl və müharibənin davam etdiyi ərəfələrdə dəfələrlə hərbçilərlə görüşüb, mənəvi psixoloji cəhətdən onların hazırlanması üçün çıxışlar edib, haqq və ədalət, nə üçün döyüşmək lazım olduğunu hərbçilərlə söhbətlərində anladan Hacı Şahin, onlara dövlətin nə olmasını, niyə torpaqdan vaz keçilməməsini aşılamaqla yanaşı, şəhadətin nə olmasını izah edərək Azərbaycan əsgərinin tarixi zəfərində böyük pay sahiblərindən biri olub.

Hacının müharibədən öncə və sonra etdikləri də çox adama bəlli idi. O, şəhidlərimizin, qazilərin qardaşı, şəhid analarının övladı, Azərbaycan xalqının isə sevimlisi idi. 

O, dünyəvi Azərbaycana mərkəzçi ruhani lider hava-su kimi lazım olduğu bir məqamda ortaya çıxdı. Şahin Həsənli sıradan bir ilahiyyatçı deyildi. O, dövlətlə dinin, dövlətlə dindarın, dindarla dövlətin münasibətlərinin qurulması, nizamlanması kimi çox həssas və mühüm məsələni zərgər dəqiqliyi bilən tək-tük din xadimlərimizdən idi.

Ölkəmizə, təhlükəsizliyimizə, əqidəmizə yönələn təhdidlərin gücləndiyi vaxtlarda Hacı Şahinin xütbələri, sözləri yüz minlərlə insanı doğru yola gətirib. Xüsusilə gənc nəslin tərbiyəsində Hacı Şahinin rolu danılmaz idi, minlərlə insanımızın yoluna işıq tutmuş, doğru yola yönəltmişdi. 

Hacı Şahin dini baxışlarından asılı olmayaraq hər zaman öz həlimliyi və birləşdirici kimliyi ilə yadda qalan dəyərli ilahiyyatçı idi. O, bütün dinlərin, dinlər daxilində məzhəblərin, dindar və ateistlərin, millətçi və kosmopolitlərin, liberal və mühafizəkar kəsimin eyni zamanda sevgisini qazanmağı bacarmış, nadir insanlardan biri kimi tarixdə qalacaq. 

Hacı Şahin İslamın gözəl siması idi. Müxtəlif ideologiyalara sahib adamlar məhrəm məsələlərdə öz əqidədaşlarından çox Hacı Şahinə etibar edirdilər. Çünki o, insanı sevir, insanlığa hörmət edirdi, Hacı üçün dindən öncə insan prioritet idi. Çıxışlarında da deyirdi ki, "Dindən qabaq həyatı öyrənmək lazımdır. Həyatı öyrənəndən sonra daşlar öz-özünə yerinə oturacaq".

Şərəf, vicdan və ləyaqətlə yaşamaq son mənzilə göz yaşları və dualarla yola salınmaqla nəticələnir. Razılaşarsınız ki, Hacı Şahin kimi yaşamaq və ölmək hər din xadiminə qismət olmur. Hacı Şahin Dövlət və Din münasibətindəki ən mükəmməl xadim idi. Lakin təəssüflə qeyd edirəm ki, xalqın adamı, dövlətin əsgəri, vətənin şərəfli övladı olan bu alimin ölümündən belə istifadə edib, "şou" düzəldənlər günbəgün artır.

Təbii ki, bu təxribatın başında uzun illər din pərdəsi altında gizlənib, "şiə qardaşı" məsələsini hər dəfəsində qabartmaqla Azərbaycan xalqının, dövlətinin gözündən pərdə asaraq Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən və bu gün də var gücü ilə bu dəstəyi davam etdirən iran molla-fars rejimi dayanır. 

Proseslərin təhlili göstərir ki, Azərbaycan-İran münasibətlərinin gərginləşməsi fonunda İran geriyə addım atmaq niyyətində deyil. Bu gün rejimin əsas hədəf və niyyəti müxtəlif yollarla Azərbaycana təzyiqləri artırmaq, Bakının mövqeyinin dəyişməsinə nail olmaqdır. Hətta iş o yerə çatıb ki, molla rejimi yenidən din amilindən sui-istifadə edərək, Azərbaycana qarşı Hacı Şahin Həsənlinin ölüm hadisəsini öz xeyrinə istifadə etmək üçün yollar axtarışındadır. 

Aydın görünür ki, bu gün İran məşhur ilahiyyatçının yoxluğundan Azərbaycanda dini fəaliyyət sahəsində cərəyan edən proseslərə təsir imkanlarını daha da gücləndirmək məqsədilə istifadə etməkdə israrlıdır.

Heç kəsə sirr deyil ki, Hacı Şahin sağlığında dini fanatizmə qarşı olan, bir çox gəncləri məhz bu uçurumun kandarından qaytaran şəxs olmaqla yanaşı, bir sıra məsələlərdə Azərbaycan dövlətinin mövqeyini dəstəkləməyi bacaran şəxsiyyət idi. Onun hətta Tehranda səfirliyimizə təşkil edilən terror hücumunu pisləməsi İran rəsmi dairələrində çox ciddi qıcıq doğurmuşdu.

İranın məsələyə yanaşması isə insanda ikrah hissi doğurmaya bilməz. Molla rejimin Hacının hadisələrə bu cür reaksiyasına münasibəti belə idi ki, azərbaycanlı ilahiyyatçının bu mövqeyi Azərbaycan şiələrinin dövlətə qarşı vahid mövqedən çıxış etməsinə mane olur. Ona görə tez-tez Hacı Şahin bir sıra dini qrupların hədəfinə çevrilərək xəyanətdə və hakimiyyətə işləməkdə günahlanıdırılırdı. Bu qarayaxmalar, psixoloji təzyiqlər ona qarşı xüsusilə son illər daha intensiv xarakter almışdı.

Bu gün isə artıq İran Hacı Şahinin dünyasını dəyişməsindən istifadə edərək Azərbaycan şiələrinin hakimiyyət əleyhinə vahid mövqe nümayiş etdirməsinə nail olmaq məqsədilə bütün gücünü və potensialını ortaya qoyub. Molla rejiminin tapşırığına əsasən qeyd olunur ki, bu zamana kimi olan bütün ixtilaflar kənara qoyulmalı, Azərbaycan dövlətinə qarşı müqavimət gücləndirilməlidir.

Burada ən diqqətçəkən məqamlardan biri isə əvvəlki dövrlərdə Hacı Şahini sərt tənqid edən qrupların indi yeni yanaşma nümayiş etdirmələri məsələsidir. Onlar bu gün mərhum Hacı Şahin Həsənlinin 10 minlərlə insandan ibarət olan elektaratını ətraflarına toplamaq üçün ona rəhmət oxuyur, dünyasını dəyişməsinə sevinmədiklərini, bütün şiələrin vahid mövqe nümayiş etdirməsinin vacib olduğunu israrla qeyd edirlər.

İrandakı "Hüseyniyyun" hərəkatı Hacı Şahinin dünyasını dəyişdiyi vaxtdan bu yana hər gün mərhumun məzarı üstə keçirilən gecə mərasimlərindən videolar verir. Məqsəd Hacı Şahini güya Azərbaycandakı "Hüseyniyyun" hərəkatının rəhbəri və şiələrin liderlərindən biri kimi göstərməkdir. 

Hərçənd, Hacı Şahin dövlətinə, xalqına xidmət edən, saxta İran təfəkkürünə qarşı mübarizə aparan, insanları həqiqətən də maarifləndirməyə çalışan bir din alimi idi. Onun üçün əsas istiqamətlərdən biri milli-mənəvi dəyərlərimizin təbliği məsələsi idi ki, hər çıxışından bu barədə söhbətlərə, fikirlərə xüsusi önəmi ilə diqqət çəkirdi. 

İran molla-fars rejimi bu gün Azərbaycan xalqının mərhum ilahiyyatçını gecə saatlarında məzarı üstə toplaşmasından sui-istifadə edərək, bu yolla Hacı Şahin Həsənlinin sağlığında xalqı, dövləti üçün göstərdiyi fəaliyyətinə kölgə salmaq, onun nüfuzunu ölümündən sonra ləkələmək istiqamətində fəaliyyətini davam etdirməklə bu şəkildə qisasını almaq barədə düşünür. 

Çünki Hacı Şahin sağlığında hər zaman xurafatın əleyhinə olub, özü hər zaman insanlara deyib ki, "Ay camaat, ayılın. Gecə məzar üstə getmək, Gecə məzar başında şaxsey-vaxsey demək nə islamda, nə şəriətdə var". Demək ki, bilərəkdən İmam Hüseynə (ə) ("Ləbbeyk ya Hüseyn"), Hacı Şahinə olan sevgidən sui-istifadə edən İran bu məsələni qabardır. 

Təəssüf ki, Hacı Şahini sevənlər, ona ehtiramı sonsuz olan xalqımızın nümayəndələri arasında İranın bu "oyununu", onların əsl məqsədini anlamayanlar var. Molla rejiminə mərhuma qarşı belə bir çirkab oyunla qarayaxmaq cəhdinin qarşısını almaq üçün ən doğru seçim elə Hacı Şahinin özünün sağlığında dəfələrlə xütbələrində gecə saatlarında məzar üstünə gedib, orada ağlamağın dinimizlə, şəriətimizlə bir bağlılığının olmadığını yada salmaq kifayət edər. Çünki mərhum özü belə şeylərə qarşı olub, bu cür addımları heç vaxt qəbul etməyib. Əslində onu sevənlər belə bir addım atmaqla onun ruhunu incitmiş sayılırlar. Üstəlik də nəzərə alsaq ki, bu gün Azərbaycanı düşməni elan edən İran molla-fars rejimi bundan öz məkirli məqsədləri üçün istifadə edir. 

Çünki İranı və içimizdəki İran agenturasını Hacı Şahinin xalqın içində yaratdığı vəhdət, bərabərlik, dövlətçilik, sevgi və əqidə savaşı hər zaman narahat edib.

Doörudur, bu xalqın çox böyük bir qismi hər zaman "hər yer Aşura", "hər yer Kərbəla" prinsipi ilə yaşayıb, amma Hacı Şahin kimi ilahiyyatçı sayəsində zillət hər zaman bizdən uzaq olub. Bundan sonra da Hacı Şahinin bizə əmanət etdiyi dövlət, vətən, insan sevgisini davam etdirməliyik. Çünki əqidəmiz budur, əqidəmizin tələbi budur. 

Təhməz Əsədov
Milli.Az