“Tərtər işi”ndə ittiham edilən general-mayor və daha dörd nəfərin işi icraata verilib

6 Mart 2023 18:23

"Tərtər işi" ilə bağlı ittiham olunan 5 nəfər - general-mayor Bəkir Orucov, Rahib Məmmədov, İntiqam Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun cinayət işi icraata verilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, iş Bakı Hərbi Məhkəməsində hakim Aslan Kalbalıyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar.

Milli.Az