Nazir müavini Laçın aeroportunda görülən işlərdən danışdı

6 Mart 2023 12:05

Laçın aeroportunda uçuş-eniş zolağının və terminalın tikintisi üzrə işlər görülməkdədir. İşlərin 37 faizi yerinə yetirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə bu gün Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Cəbrayıl, Zəngilan rayonlarında və Şuşa şəhərinin Daşaltı kəndindəki mədəni, tarixi və dini abidələrə baxış məqsədilə keçirilən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin işçi qrupunun iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yol layihələrinin həyata keçirilməsi və infrastrukturun yaradılması yaxın gələcəkdə keçmiş məcburi köçkünlərin doğma evlərinə köçürülməsinə imkan verəcək.

"Xatırlatmaq istəyirəm ki, biz artıq iki hava limanını və Əhmədbəyli-Şuşa avtomobil yolunu inşa edərək istismara vermişik. Bu işlər bu gün də davam edir. 18 avtomobil yolunun tikintisi üzrə işlər görülür, bunların bir hissəsinin bu il istismara verilməsi gözlənilir. Bundan başqa, telekommunikasiya infrastrukturunun yaradılması üzrə işlər aparılır. Belə ki, biz artıq 11 telekanal və 7 radiostansiyanı işə salmışıq.

130 metrlik teleqüllənin layihələndirilməsi tamamlanmaq üzrədir, təsdiqləndikdən sonra tikintisinin başlanacağı gözlənilir.

Bundan başqa, artıq Qarabağda 203 mobil stansiya quraşdırılırb, 77 abunə genişzolaqlı internetə qoşulub, Ağalı kəndində isə 86 ev təsərrüfatı internetə qoşulub", - o əlavə edib.

Milli.Az