Prezident: Azərbaycan Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində fəal şəkildə çalışıb

2 Mart 2023 16:20

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi bu ilin sonunda başa çatacaq, ölkəmiz sədrlik dövründə təşkilatın təsisatlanması istiqamətində fəal şəkildə çalışıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri Ayman Benabderrahman ilə görüşündə bildirib.

Əlcəzair Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakını məmnunluqla xatırladan dövlətimizin başçısı səfər çərçivəsində Azərbaycanla Əlcəzair arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair müzakirələrin də aparıldığını diqqətə çatdırıb.

Prezident İlham Əliyev azərbaycanlı mütəxəssislərin, o cümlədən neftçilərin, geoloqların və mədəniyyət xadimlərinin Əlcəzairdə uğurla fəaliyyət göstərdiklərini deyib.

Milli.Az