Diakabi növbəti oyunu da BURAXA BİLƏR

2 Mart 2023 22:17

"Qarabağ"ın zədəli futbolçusu Adama Diakabi Misli Premyer Liqasının 25-ci turunda "Qəbələ" ilə oyunu da buraxa bilər.

Milli.Az xəbər verir ki, bu barədə Qol.az-a açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib. O, 26 yaşlı hücumçunun hələ məşqlərə başlamadığını deyib: "Diakabidə incik sümüyünün stress çatı aşkarlanıb. Amma bu, ciddi hesab olunan zədə deyil. "Qəbələ" ilə matçda oynaması sual altındadır. Zədəyə görə hələ məşq etməyib. "Qəbələ"yə qarşı oynayıb-oynamayacağına matç günü həkimlərin rəyinə əsasən qərar veriləcək".

Qeyd edək ki, Diakabi zədə səbəbindən 24-cü turda "Neftçi" ilə görüşdə (1:1) də iştirak edə bilməmişdi.

Əlavə edək ki, "Qəbələ" - "Qarabağ" oyunu martın 5-də keçiriləcək və saat 17:00-da başlayacaq.

Milli.Az