Bakıda bu uşaqların adı dəyişdi: Xaqan "Hagan", Tamerlan "Tomas", Süleyman "Stefan" oldu

2 Mart 2023 15:33

Bakıda yaşayan alman əsilli Elnurə Şpannagelin övladlarının adının dəyişdirilməsi tələbilə bağlı məhkəmə qərar verib. 

Milli.Az bildirir ki, qaynarinfo-nun məlumatına görə, Elnurə Şpannagel məhkəmədən 3-cü sinifdə oxuyan böyük oğlu, 2014-cü il təvəllüdlü Xaqanın adının "Hagan", 2 dekabr 2016-cı il tarixdə Bakı şəhərində doğulmuş Tamerlanın adının "Tomas", 22 sentyabr 2018-ci il tarixdə Bakı şəhərində doğulmuş, hazırda bağçaya gedən kiçik oğlu Süleymanın adının isə "Stefan" olaraq dəyişdirilməsini xahiş edib. 

Elnurə Şpannagelin azərbaycanlı həyat yoldaşı övladlarının adının dəyişdirilməsinə razılıq verib. O, Elnurə ilə ailə qurmazdan əvvəl illərlə bir-birilərini tanıdıqlarını bildirib və yoldaşını alman kimi qəbul edib, rəsmi nikaha daxil olub. Onların böyük oğlu dünyaya gəldikdə Suraxanı Qeydiyyat Şöbəsinə müraciət edərək, uşaqlarına alman adı qoymaq istədiklərini bildirib. Qeydiyyat Şöbəsi isə sənədlərdə azərbaycanlı olduqları və uşaq adları siyahısında qeyd edilən adların olmaması səbəbindən bunun mümkün olmadığını bildirib. Bu səbəbdən onlar uşağın adını alman adı "Hagan"a yaxın olan "Xaqan" qoyublar. Onlar evdə də övladlarına alman adı ilə müraciət edir, alman dilində danışırlar. İkinci övladları dünyaya gəldikdə alman adı qoyulması üçün "ASAN Xidmət"ə müraciət ediblər, lakin yenə də azərbaycanlı olduqları üçün mümkün olmadığını bildiriblər. Ona "Tomas" adı vermək istədikləri üçün bu ada oxşayan Tamerlan adını veriblər. Üçüncü uşaqlarına isə "Stefan" adını qoymaq istədikləri üçün onun oxşarı Süleyman adını qoyublar. Sonra bununla bağı İcra Hakimiyyətinə də müraciət ediblər, lakin məsələyə məhkəmə qaydasında baxılmalı olduğu bildiriblər. Onlar uşaqlara evdə alman adları ilə müraciət etdikləri üçün onları məktəbdə öz adları ilə çağıran zaman qarışıqlıq yaranır, cavab vermirlər. Hətta uşaqlar alman kilsəsinə gedir və alman tədbirlərində iştirak edirlər. 

İşə baxan məhkəmə uşaqların adının dəyişdirilməsinə və doğum akt qeydlərində müvafiq dəyişikliklərin edilməsinə qərar verib. 

Qeyd edək ki, Elnurə Şpannagelin ana tərəfi alman əsillidir. Rusiya imperatriçəsi II Yekaterinanın 1762-1763-cü illərdəki sərəncamı və manifestinə əsasən, almanlar Volqaboyu əraziyə köçürülüb. Onlar həmin əraziyə gələrək avropalaşdırma siyasətində iştirak ediblər və bir müddət sonra varlı şəxslərə çevriliblər. Lakin bolşeviklər hakimiyyətə gəldikdən sonra - 1930-cu illərdə bir çox şəxsi, xüsusən də varlı almanları burjua adı ilə təqib etməyə başlayıb, nəticədə Qotfridlər müəyyən ərazilərə qaçmağa məcbur olublar. 

Elnurə Şpannagelin nənəsinin atası təqib olunmamaq üçün Özbəkistanın Daşkənd şəhərinə köçüb. Lakin II Dünya müharibəsi dövründə represiya olunublar, hətta Qotfrid Qotfridoviç məcburi əmək düşərgəsinə göndərilib. Həmin vaxt Stalin almanlara güvənmədiyi üçün onları fiziki əmək baxmından istismar edirdi və nəticədə onlar öz ad-soyadlarını dəyişməyə məcbur olurdular. 

İddiaçı tərəf bildirir ki, onun ulu babası məcbur qalaraq "Qotfrid" adından "Boğdan" adına keçib. Qotfrid Azərbaycan dilinə tərcümədə "Allahverdi", Boğdan isə "Allahın verdiyi" deməkdir. Bir müddətdən sonra onun övladı Emilya Şpannagel dünyaya gəlib. Onlar həm də Şpannagel soyadını daşıyırlar. Emilyanın Mayra adlı qızı dünyaya gəlib və Krım tatarı olan Qazıyev soyadlı biri ilə ailə qurub, onların birgə nikahlarından Elnurə xanım doğulub. Mayra xanım qızı Elnurəyə alman adətlərini təbliğ edib, hətta onlara alman qəzetləri, şpigellər gəlirmiş, onları belə uşaqlarına oxutdurublar. Elnurə hazırda Bakıda yaşayır.

Milli.Az