Laçın yoluna nəzarət etməli olan sülhməramlıları özbaşınalıqları adi hala çevrilən, təbii sərvətlərimizdən yararlanmaq xülyasına düşən, Qarabağ erməniləri ilə Bakını üz-üzə qoymaq üçün Vardanyanı Xankəndinə göndərən Rusiyanın planları baş tutmadı. Atalar demiş: İt də getdi, ip də...
Rusiya indi oyundan kənarda qalmış kimi görünür, amma Moskvanın asanlıqla əlini Cənubi Qafqazın üzərindən çəkəcəyini düşünmək sadəlövhlük olar.
Diqqətlə yaxın keçmişə nəzər salsaq görərik ki, Ruben Vardanyan istefa verdiyi anda Nikol Paşinyan bunu dərhal Kremlə məruzə etdi. Yəqin ki, Putini Vardanyanı onun yerinə gətirmək planından vazkeçirməyə çalışırdı. Əvəzində bu gün isə Sergey Lavrovun Bakıya səfəri gözlənilir.
Lavrov Bakıya niyə gəlir?
Zərrə qədər də şübhə edilmir ki, Lavrovun Bakıya səfəri çərçivəsində biz çox güman ki, 10 noyabr üçtərəfli bəyanatınşərtlərinə "ciddi şəkildə yerinə yetirilmə" haqqında Rusiya XİN başçısının məşhur ifadəsini bu dəfə də eşidəcəyik. Bunu artıq 3 ilə yaxındır ki, rəsmi Moskva təkrar edir, amma sadəcə danışır. Əmələ gələndə isə bu istiqamətdə Moskvadan lazımı təzyiq və təsiri görmək mümkün deyil:
⚫️ Əslində Rusiya xarici siyasət liderinin Bakı səfərinin pərdəarxasında dayanan ən əsas məsələlərdən biri kimi son günlər, xüsusilə də Münhen Təhlükəsizlik Konfransı ilə Ermənistan-Azərbaycan danışıqlarına yenidən qoşulub vasitəçilik imkanı əldə edən Brüssel və ona bu məsələdə tam dəstəyini ifadə edən Vaşinqton amilini qeyd edə bilərik.
Beləliklə, əgər Lavrovun məqsədi Rusiyanın vasitəçilik formatını gücləndirməkdir. Amma gərək Moskva başa düşsün ki, buna nail olmaq üçün ilk növbədə mövcud narazılıqların həlli ilə birbaşa və "ciddi şəkildə" məşğul olmaq lazımdır.
⚫️ Avropa İttifaqının 10 nəfərlik, yarısından çoxu əli silahlı olan hərbiləşən missiyasının Ermənistanla Azərbaycan sərhəddinə gəlməsi də Moskvanı ciddi narahat edən məsələlərdən biridir.
Moskvada yaxşı bilirlər ki, nə qədər ki, Ermənistanda hələ də 102-ci hərbi bazanı - Gümrüdəki Rusiyaya məxsus hərbi hissəni Qərbin silahlı birləşmələri hələ əvəz etməyə müəssər olmayıbsa, demək ki, Rusiya vasitəçiliyi hələ də effektiv mexanizm kimi qalma potensialına malikdir. Belə olan təqdirdə isə İrəvanın Moskvanın orbitindən uzaqlaşmaq şansları elə də yüksək deyil.
Ancaq Rusiya üçün ürəkaçan ssenarinin davam etməyəcəyi ehtimalları daha çoxdur. Kreml anlamalıdır ki, vaxt ötdükcə 10 noyabr üçtərəfli razılaşmanın və Soçi öhdəlikləri ilə bağlı yekun bəyanatların mətni üzrə ziddiyyətli məqamlar daha da artacaq ki, nəticədə zərurət səbəbindən tərəflər birtərəfli addımlara üstünlük verəcəklər.
Təhməz Əsədov
Milli.Az